Əməkdar artist Kübra Əliyeva: “3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver...”

 09-03-2023

 “Başımız o qədər işə qarışırdı ki, heç düşünmürdük ki, illər əvvəl çəkildiyimiz filmlərimiz illər sonra bu qədər seviləcək, klassikaya çevriləcək. Bir ana televiziyamız var idi, orada çəkilirdik. Hamı istəyirdi ki, orada çəkilsin. “Evləri köndələn yar” televiziya tamaşasını çəkəndə həyatda yaşayan çox mükəmməl aktyorlarımız var idi. Bu gün məni görənlər deyir ki, “Kübra xanım, siz gözəl sənətkarlarımızdan bizə yadigar qalmısınız”. O vaxt Əliağa Ağayev də bizim üçün elə əlçatmaz idi. “Evləri köndələn yar” televiziya tamaşasında Siyavuşla olan səhnəmizdə o deyir ki, “Ədə, uçastkovunun payından”. Məni tanıyanlar bilir ki, öz bazarlığımı özüm edirəm. Bir şey alarkən, deyirəm ki, “burada uçastkovunun payından olacaq?” (gülür). Bir daha tamaşaçıların yadına düşür, üzlərində təbəssüm olur, gözləri gülür. Nə oynamışıqsa, nə yadigar qoymuşuqsa hamısını tamaşaçılarımız üçün etmişik”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

“Hər şeyi yerli-yerində istifadə etmək lazımdır. Bir söz ki, əgər tamaşaya, filmə şitlik qatacaq, onu gülüş xatirinə demək düzgün deyil. “Şirbalanın məhəbbəti” filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur? Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?! Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da 1-ci Qarabağ müharibəsində şəhid oldu. Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik”, - deyə sənətkar bildirib.
 
Sənətkar valideynlərinin onun sənətinə qarşı olduğunu da bildirib.
 
“Gəncə teatrının yardımçı heyətində paltar ütüləyən işləyirdim. Evdən teatrda işlədiyimi eşidirlər. Elə bilirdilər ki, texniki işçiyəm. Teatrda bir gün məni erməni aktrisasına dublyor verdilər. Çox böyük sənətkarlarla tərəf müqabili idim. Anama dedim ki, gəl sən də bax, daxili baxışdır. Rolu necə ifa etdimsə, anam əlini dizinə vurub dedi ki, “Ağa, evin yıxılsın”. Öz-özümə dedim ki, Kübra, Allah sənin köməyin olsun. Anam evə gələnə qədər öz-özünə fikirləşirdi ki, “Ağaya mən nə deyəcəyəm?”. Ağa da atam idi. Bütün bu çətinliklərə baxmayaraq, anam məni Bakıya, teatrda işləməyə yolladı. Bu gün aktrisalar üçün bu cür maneələr yoxdur. Hamı aktrisa olmaq istəyir, hamı məşhurlaşmaq, çəkilmək istəyir. Valideynlər də razılıq verirlər”, - deyə sənətkar əlavə edib.

Bənzər yazılar

2.2137200832367