“Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib.
Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib:
“Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlər yaradılıb”.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verən Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini deyib.