Azərbaycan klubunun qəzaya düşən idman direktorunun sağlamlıq durumu AÇIQLANIB

 08-03-2023

Futbol üzrə Azərbaycanın I Divizionunda “Şamaxı-2” ilə oyun üçün Şamaxıya gedərkən qəzaya düşən “Mingəçevir” klubunun idman direktoru Zaur Qarayevin vəziyyəti yaxşıdır.

Öncə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan, daha sonra Bakıya göndərilən klub rəsmisinin səhhəti ilə bağlı ciddi problem yoxdur.

“Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımov açıqlamasında onun bir həftə həkim nəzarətində qalacağını söylədi:

“Zaur Qarayevin vəziyyəti yaxşıdır. Hazırda reanimasiyada, həkim nəzarətindədir. Aşağı ətraflarında, çanaq sümüyündə çıxıq var. Bir həftə nəzarətdə qalacaq. Başqa problem olub-olmadığı müəyyən ediləndən sonra dəqiq məlumat veriləcək. Bu gün artıq onunla görüşə biləcəyik. Ailəsi ilə də daim əlaqədəyik. Həkimlərin dediyinə görə, problem yoxdur”.

Xatırladaq ki, dünən saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes-Benz” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtobusda I Divizionda mübarizə aparan “Mingəçevir” klubunun rəsmiləri və futbolçuları olublar. Onların arasında yalnız Zaur Qarayev ciddi xəsarət alıb.

Faiq Tahirov

Bənzər yazılar

0.46944403648376