Füzulidə Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməlqoyma MƏRASİMİ KEÇİRİLİB

 07-03-2023

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılıb.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.

Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

Bənzər yazılar

0.19415807723999