Rusiya-Ukrayna müharibəsi Azərbaycanda qəbir daşlarının qiymətinə də təsir edib. Bakıdakı baş daşı düzəldilən mərmər sexlərində, əsasən Ukraynadan gətirilən mərmərlər demək olar ki, qəhətə çıxıb.
MillətinSəsi.info "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Bakıda fəaliyyət göstərən mərmər sexinin müdiri Anar Qafarov deyir ki, Ukraynada baş verən müharibə yerli bazarı tam iflic edib.
Hazırda Azərbaycana bu ölkədən mərmər gətirmək müşkülə çevirilib.
Əvvəllər 1 metr 40 sm ölçüsü olan və Ukrayna mərməri ilə hazırlanan bir məzarüstü abidə 1600-1700 manata başa gəlirdisə, indi bu qiymət 2200-2300 manata qədər yüksəlib. Avropa və Hindistandan gətirilən mərmərlərin qiyməti isə daha bahadır.
Bundan başqa, ölkəmizə İran və Türkiyədən də mərmər və qranitlər gətirilir ki, onların qiymətləri nisbətən ucuzdur.
Analoji hal bölgələrdə də yaşanır. Tovuzda fəaliyyət göstərən sex sahibləri deyirlər ki, qara mərmər qıtlığı olduğundan insanlar ağ mərmərə üstünlük verirlər.
Qeyd edək ki, ölkəmizdə qəbir daşı üçün istifadə olunan ağ mərmər yalnız Daşkəsən rayonunda çıxır. Buradakı istehsal isə ölkədaxili tələbatı tam ödəmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: