Kamran Əliyev: “Bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”

 01-03-2023

“Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”.

Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır. “Tərtər işi” ilə bağlı istintaq davam edir. Kifayət qədər humanistləşmə istiqamətində də addımlar atılıb. Digər istintaq hərəkətləri də həyata keçirilir. Vaxtaşırı cəmiyyət istintaqın gedişatı barədə məlumatlandırılır”.

Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir: “Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.

REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev onu da deyib ki, Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb və bu təşkil olunub.

Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icarıçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquq yardım haqqında vəsadət hazırlayırıq. Danışığımız əsasında həmin vəsadət göndəriləcək və zərurət yaranarsa bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayacağıq”.

Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfriliyinə qarşı silhalı hücumla bağlı bir çox qaranlıq məqamlar vardır: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.

Bənzər yazılar

0.23443603515625