Bakıda qəzalı vəziyyətdə olan memarlıq abidəsi SÖKÜLƏCƏK?

 28-02-2023

Bakıda yerləşən memarlıq abidəsi qəzalı vəziyyətdədir.

Belə ki, görkəmli xoreoqraf, Xalq artisti Əlibaba Abdullayevin Yasamal rayonu “Kubinka” adlanan ərazidə yaşadığı və memarlıq abidəsi kimi qorunan binanın qəzalı vəziyyətə olduğu və söküləcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.

İddia edilir ki sözügedən memarlıq abidəsi söküləcək. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, Yasamal rayonu Əlibaba Abdullayev küçəsi, 7 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Məlumatda qeyd edilib ki, abidə dövlət mühafizəsindədir və sökülməsi yolverilməzdir:

“1909-cu ildə inşa olunmuş tarixi tikilinin hazırda təmir-bərpa olunmasına ehtiyac var.

Həmin yaşayış binasında təmir-bərpa işlərinin aparılması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aid deyil. “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində xüsusi mülkiyyətdə olan abidələrin mülkiyyətçinin vəsaiti hesabına təmir-bərpa edilməsi nəzərdə tutulur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.7-ci yarımbəndinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən görülür”.

Yasamal Rayon İcra Hakimiyyəti də bildirib ki, bu bina tarixi-memarlıq abidəsi olduğundan onun sökülməsi qeyri-mümkündür. Eləcə də bina dövlət tərəfindən qorunur və ayrıca inventar nömrəsi mövcuddur. 

Bənzər yazılar

0.13920402526855