Ağdaban ŞAHİDİ: “İki nəfərin qarınlarını yarmış, zirehli texnika ilə üstlərindən keçmişdilər” 

 28-02-2023

Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətləri sırasında Ağdaban faciəsi də qeyd olunmalıdır. Kəlbəcər rayonunun Ağdaban kəndində 1992-ci il aprelin 8-də törədilən faciə ermənilərin xüsusi amansızlığının daha bir göstəricisi idi. Həmin gün 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb. Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

İnsanlığa sığmayan Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğınların sanki davamı idi.

Ağdaban kəndinin sakini, Tərtərdə məskunlaşan Yaşar Mamedov faciə şahidlərindən biridir. O, Ağdaban faciəsinin yaşandığı il kəndin keşiyində duran gənc sakinlərdən biri olub. Yaşar Mamedov həmin dövrdə Kəlbəcər əhalisinin başına gətirilən müsibətləri  danışıb.

“Ağdabanda başımıza gətirilənləri unutmayacağıq”

Ağdaban faciəsini xatırlamağın bütün Kəlbəcər sakinləri üçün ağır olduğunu vurğulayan müsahibimiz kəlbəcərlilərin başına gətirilənləri ömrünün sonuna qədər unutmayacağını qeyd edib:

“Faciənin başlanma səbəbi erməni qəsbkarlarının 1980-ci illərdə başladıqları işğalçılıq, separatçılıq siyasəti di. Kəlbəcər rayonu Ağdaban kəndi ermənilərlə qonşu kənd idi. Buradakı camaatı yaşadığı torpaqlardan didərgin salmaq məqsədi ilə qırğına əl atmışdılar.

Ermənilər 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə xaincəsinə hücuma keçdilər. Xocalı faciəsində olduğu kimi, 366-cı alayın köməyi ilə Ağdabanda qırğına başladılar. Kənd tamamilə dağıdıldı, yandırıldı. 130 ev var idi, hamısı talan edildi. Əhalinin əmlakı, var-dövləti - nə var idisə, ermənilər maşınlara doldurub, Ermənistana apardılar. Həmin gün kəndimizin keşiyində dayanan 11 keşikçidən biri idim. O zaman baş verən hadisələrin hamısının şahidi olmuşam. Gözlərimin qarşısında keşikçi yoldaşlarımdan dördü qəhrəmancasına şəhid oldu.

Faciə baş verəndə digər cavanlarla birlikdə kəndin keşiyində dayanmışdım. Müdafiəni ancaq kənd sakinləri təşkil etmişdilər, ətraf ərazilərdən isə beş-altı nəfər köməyə gələcəkdi. Silahımız ov tüfəngləri idi. Səhərə yaxın yola çıxanda ermənilər tərəfdən işıq gəldiyini gördüm. Meşələrdə pusqular qurmuşdular. Kəndi tamamilə mühasirəyə alıb bütün sakinləri məhv etmək istəyirdilər. Lakin bizim orada durmağımız, onların gəlişini hiss etməyimiz və atışmanın başlaması kənd əhalisini duyuq saldı. Ermənilər kəndin bütün yollarını tutmuşdular. Kənd sakinləri ermənilərin bilmədikləri bir cığırla çıxa bilmişdilər. Kəndin avtomobil yolu da tutulmuşdu. Ermənilər kəndə köməyə gələn bir maşını qumbaraatanla məhv etdilər. Düşmənin silahları bizimki ilə müqayisədə dəfələrlə çox idi. Dörd zirehli texnika bizim üzərimizə gələndə mən və üç yoldaşım meşəyə girdik. Erməni quldurlar orada dörd nəfəri güllələyib öldürdülər. Səhəri gün həmin yerə qayıtdım və dəhşətli mənzərə ilə rastlaşdım. Güllə ilə öldürdükdən sonra iki nəfərin qarınlarını yarıb daxili orqanlarını çıxarmış, zirehli texnika ilə üstlərindən keçmişdilər. Digər iki nəfəri isə öldürəndən sonra avtomatla ağızlarından atəş açmışdılar.

Ağdaban faciəsi çox dəhşətli qırğın idi. Ermənilər illərlə bu faciələri törətmək üçün hazırlaşıb plan qurublar. Hələ 1989-cu ildə dəfələrlə bizim kənddə təxribatlar törədirdilər. Əhalinin mal-qarasını oğurlayır, məhv edirdilər. 1989-cu ildə 10 nəfərdən ibarət erməni dəstəsini kənddə evlərə hücum etdiyinə görə əhali tutub polisə təhvil vermişdi. Onları cəzalandırmaq adı ilə Xankəndiyə apardılar, sonra isə sərbəst buraxdılar. Ağdaban faciəsi ermənilərin bu kiçik təxribatlarının sonuncu, dəhşətli və planlaşdırılmış nəticəsi idi.

Faciə nəticəsində 67 nəfər qətlə yetirilib. 779 dinc sakinə işgəncələr verilib. 17 nəfəri odda diri-diri yandırıblar. İki nəfər isə itkin düşüb. Ağdaban faciəsində ermənilər tərəfindən ikinci Xocalı təkrarlandı. Kəndimizdə daşı daş üstündə qoymamışdılar. Mən faciənin sabahı gün kəndə gedə bilmişdim. Dəhşətli görüntü idi. Evlərin bəziləri hələ də yanırdı. Kənddə törədilən vəhşilikləri, öldürülən insanları öz gözlərimlə gördüm. Qonşumuzda Həyat adlı qadın oğlu Musanı evdən çıxarmaq istəyib, lakin o çıxmayıb. Ermənilər Musanı yanan ot tayasının içinə atıb yandırmışdılar. Onun yanmış cəsədini gördüm. Həyatın da başından güllə ilə vurmuşdular. Yerə qanı tökülmüşdü, yaylığı düşmüşdü. Amma özü yox idi. Sonra eşitdim ki, onu da aparıb yandırıblar.

Digər qonşumuz Zeynalabdin kişinin bacısı Fatma evdən çıxmamışdı. Mən onların evlərinə girəndə çarpayının altında Fatmanın yanmış cəsədini gördüm. Ermənilər evin qapısını bağlayıb od vurmuşdular. Ermənilər körpə uşağı atası ilə bir yerdə öldürmüşdülər. Kənddən beş nəfər də əsir götürmüşdülər. Qəmər arvad getmək istəməyib, onu avtomatın qundağı ilə yola itələyiblər. Qəmər yerdən odun götürərək silahlı ermənini vurub. Ermənilər onu və oğlu Əbülfəti elə orada güllələyiblər. Həyat yoldaşı və qızını isə özləri ilə aparmışdılar. Qonşu Çayqovuşan kəndində də Bakir baba və həyat yoldaşının evlərinə od vurub yandırmışdılar. Qara kişini də öldürmüşdülər”.

Ağdabanda bir deyil, iki dəfə qırğın törədiblər… 

Yaşar Mamedov deyir ki, ermənilərin xüsusilə Ağdabanda belə dəhşətli qırğın törətməsinin bir səbəbi də gözdağı vermək olub:

“Ağdaban Kəlbəcərin qala qapısı idi. Bu kəndi alsalar, Kəlbəcərin bütövlükdə alınması da asanlaşırdı. Ağdaban erməniləri qorxudan, onlara gözdağı olan igidləri ilə tanınırdı. Kəndimiz Kəlbəcərin qala qapısı olmaqla bərabər, həm də mədəniyyəti inkişaf etmiş ərazilərdən biri idi. Ziyalıların, alimlərin, şairlərin çox olduğu bir kəndi dağıtmaq, insanlara işgəncələr vermək düşmən üçün qələbə sayılırdı.

1990-cı illərdə informasiya əlçatanlığı, texnoloji inkişaf indiki kimi deyildi. Ona görə faciənin baş verməsi haqqında mərkəzə məlumatlar çox gec çatdırıldı. Nəticədə dinc sakinlərin köməyinə çatan da olmadı. Ozamankı hakimiyyətin laqeydliyi, hakimiyyət davası da bu qırğının törədilməsinə gətirib çıxardı. Ağdabanda 1993-cü ilin mart ayında yenə faciə törətdilər. Həmin bir il ərzində kəndin bəzi sakinləri evlərinə qayıdıb, qismən bərpa edib, yaşamağa çalışırdılar. 1993-cü ildə yenidən işğal qızışanda bütün Kəlbəcərdə yaşayışa son qoyuldu, insanları qətlə yetirdilər, qalanları didərgin saldılar”.

“Azad edilən torpaqlarımız qazılsa, daha çox kütləvi məzarlıqlar aşkara çıxacaq”

Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayan Ağdaban sakini kütləvi məzarlıqların tapılmasına da toxunub. O xatırladıb ki, Ağdaban faciəsinin və xalqımıza qarşı törədilən digər fəlakətlərin qurbanlarının qalıqları qismən aşkar edilib:

“Mənə elə gəlir ki, indiyə qədər tapılan sümüklər qətlə yetirilən insanların hələ az bir qismidir. Düşünün, biz tam olaraq ərazilərimizə nəzarəti əlimizə alanda Xocalıda faciələr törədilən yerlərdə, digər ərazilərdə nə qədər insanın qalıqlarını tapacağıq…

Ağdabanda öldürülən 33 nəfər kənd sakininin atıldığı kütləvi məzarlıq tapıldı. Hazırda beş nəfərin taleyindən xəbər yoxdur. Nə qalıqları, nə başqa bir məlumat əldə olunub. Bizim həmin torpaqlarda qalıqları olan o qədər şəhidimiz var ki… Çox insanın harada şəhid olduğunu şəxsən mən özüm bilirəm. Amma oraya getməyə icazə verilmir deyə gedib, yerini göstərə də bilmirəm.

Ağdaban qurbanlarının yaxınları müxtəlif rayonlarda məskunlaşıblar. Tərtərdə, Bakıda tanıdığım insanlar var. Onlar ümidlə gözləyirlər ki, şəhid olan yaxınlarının son nəfəsini verdiyi yerləri görsünlər, onların bir məzarı olsun, ziyarət edə bilsinlər.

Xalqımız bu faciələri heç vaxt unutmamalıdır. Xüsusilə gənclərə təlqin etmək, məlumat vermək, maarifləndirmək lazımdır ki, düşmənin necə bir xisləti olduğunu hamı bilsin. Bizim kimi erməni vəhşiliyinin şahidi olanlar bunu çox yaxşı bilirlər. Ermənilərin hansı vəhşiliklərə qadir olduqlarını gözlərimizlə görmüşük. İstəyirik ki, gənclər də bunu unutmasınlar, gələcəkdə belə zülmləri çəkməsinlər. Ermənilərin cavabını vaxtında vermək lazımdır, yoxsa onlar imkan düşən kimi yenə zülmlərə, faciələrə, qırğınlara, soyqırımlarına əl atacaqlar”.

Aysel Aslan

Bənzər yazılar

0.138747215271