Sabiq nəqliyyat nazirinin hər kilometrini təxminən 4,5 milyon manata çəkdiyi və 35 il qarantiya verdiyi yol istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başlayıb
Təmir işləri aparılan Bakı-Quba yolu dəhşətli qəzaların baş verdiyi təhlükəli əraziyə çevrilməkdədir. Ötən 2 gün ərzində Bakı-Quba yolunda ölümlə nəticələnən iki qəza olub. Hadisə şahidlərinin sözlərinə görə, qəzalar yolun bərbad durumda olması ilə əlaqədardır. Beton yol elə günə düşüb ki, sürücülər hər addımbaşı çuxurları, dağılmış yerləri ziq-zaq edib keçməyə çalışır. Nəticədə qəza yaranır.
Qubadan Bakıya qayıdan istiqamət tamamilə dağılıb. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun hər kilometrini təxminən 4,5 milyon manata çəkdiyi və 35 il qarantiya verildiyini iddia etdiyi Bakı-Quba yolu istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başladı. Təxminən 1 milyard 300 milyon manat vəsait xərclənən Bakı-Quba yolunda ötən müddətdə dəfələrlə təmir-bərpa işləri aparılıb. İndi yol tamamilə yararsız hala düşdüyü üçün sökülür və yenidən qurulur. Hazırda vətəndaşların Bakı-Quba istiqamətində hərəkət etməsi çətinləşib. Yolun bir tərəfi tamamilə bağlanıb, digər zolaqda ikitərəfli hərəkət səbəbindən sürücülər qəza riski altında hərəkət edir. 2008-2011-ci illərdə Bakı-Quba yolu çəkiləndə onlarla adam bu yolda qəzaya düşərək həlak olmuşdu. Ziya Məmmədovun korrupsiya əməlləri 10 il sonra da bu fəlakəti xalqa yaşatmağa başlayıb.
Hüquqşünas Nadir Əliməmmədov “Yeni Müsavat”a deyib ki, Bakı-Quba yolunun çəkilişində oğurlanan pulların hesabının Ziya Məmmədovdan sorulması üçün tam hüquqi əsaslar var: “Yol elə tikilməlidir ki, maksimum kütlədən artığını da qaldıra bilsin. Məsələn, yolu elə tikmirlər ki, avtomobilin icazə verilən maksimum kütləsi 30 tondursa, 31 ton olanda o, bizdəki kimi dağılsın. O yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmalı idi. Təəssüf ki, hələ həmin yol çəkilərkən normativlərin nəzərə alınmadığı, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar vardı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilər.
Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Təhvil veriləndən 3-4 il sonra yol erroziyaya uğradı, dağılmağa başladı. Bu, dövlət büdcəsinə birbaşa zərbə vurmaqdır. İllərlə həmin yolun hissə-hissə təmirinə büdcədən 100 milyonlarla manat pul ayrılıb. Avtomobil yolunun 132 km-lik Bakı-Gəndov hissəsində 2012-ci ildə çatlar və dağılmış hissələr yaranıb, ardınca da təmir işləri başlayıb. Keyfiyyətli təmir və tikinti üçün korrupsiya aradan qalxmalıdır. Korrupsiyanın aradan qalxması üçün isə ilk növbədə şəffaflıq lazımdır. Bu gün də yolların tikintisinə cəlb olunmuş podratçılar, təmir-tikinti işlərinin hansı vəsaitin hesabına aparıldığı, tələblər barədə məlumat yoxdur. Nəticədə ya yollar keyfiyyətsiz olur, ya da düzgün istismar olunmur. Bu məsələlərlə bağlı Baş Prokurorluq cinayət işi başlaya və müvafiq araşdırma apara bilər. Əmin edirəm ki, cinayət işi başlansa, həmin yolun çəkilişində iştirak etmiş məsul şəxslər, özəlliklə Ziya Məmmədov cinayət məsuliyyətinə cəlb oluna bilər, azı 20 nəfər həbsə göndərilər”.
Hüquqşünas deyir ki, bu gün əminliklə demək olar ki, Bakı-Quba yolu olduqca pis tikilib. Bəs bunun səbəbi nə olub?
Nadir Əliməmmədov deyir ki, bu məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir: “Qeyd etdiyim kimi, cinayət işi başlanmalı, yolun keyfiyyətsiz çəkilişinin səbəbləri istintaqla müəyyən olunmalıdır. Bundan sonra yolun çəkilişinə cavabdeh olan şəxslər, başda Ziya Məmmədov olmaqla, istintaqa cəlb olunmalıdırlar”.
Əkrəm Həsənov
Hüquqşünas Əkrəm Həsənov isə vurğuladı ki, yolun keyfiyyətsiz inşasına görə məsuliyyət mütləq olmalıdır: “Cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı orqan məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Vətəndaşlar özləri də bu prosesə müdaxilə etməli, bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. İctimaiyyət nümayəndələri də, həmin dövlət qurumunun tabe olduğu quruma müraciət edib bu işin acılmasını tələb edə bilər. Sadəcə, Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Əkrəm Həsənov deyib ki, bu cür halların gələcəkdə baş verməməsi üçün elektron dövlət büdcəsi yaradılmalıdır: “Dəfələrlə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır. Bu olmadıqca, yollar da keyfiyyətsiz tikiləcək, korrupsiya cinayətlərinin də qarşısının alınması mümkün olmayacaq”.