Yəqin xatırlayırsınız, bir müddət əvvəl guya Müsavat Partiyasının xaricə mühacirət edən ölkə vətəndaşlarına saxta arayış verməsiylə bağlı əsassız qalmaqal gündəmi zəbt etmişdi. Hətta hüquq-mühafizə orqanları bu məsələylə bağlı ciddi araşdırmada aparmış amma iddia öz təsdiqini tapmamışdır. Yəni sözügedən partiyanın kiməsə saxta arayış verməsi faktı aşkar edilməmişdi.
Hüquq-mühafizə orqanları tapa bilməsə də biz belə bir saxta sənəd tapdıq. Sevinməyin, çünki sənədin Müsavat Partiyasıyla əlaqəsi yoxdur, əksinə bizə təqdim olunan sənəddən belə nəticəyə gəlmək olur ki, bu sayaq saxta arayışlarıdan həm də dövlət qurumları verirmiş.
Məsələn, ölkəmizdə 2015-ci ildə keçirilən Avropa İdman oyunları zamanı Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış “EVENTOC” ( Tədbir Əməliyyat Komitəsi) bu cür saxta arayışlar verə bilir.
Şəkildə gördüyünüz məhz həmin arayışlardan biridir.
Sözgedən Komitənin Baş direktoru Elçin Səfərovun imzası (mümkündür ki, direktorun imzası da saxtalaşdırılıb) olan bu sənəd Avropaya can atan Rəcəbov Fuad Xaliq oğluna 6 sentiyabr 2019-cu ildə (488/09 saylı) verilib.
Baş direktorun imzasını ona görə ehtimalla yazdıq ki, hazırda şərikləri tərəfindən həbsə atılmış Tural Heydərli adlı sahibkarın prezident də daxil, müxtəlif dövlət qurumlarına yazdığı ərizədən belə anlaşılır ki, bu saxta arayışın əsas təşkilatçısı qanunla qadağan olunsa da həm də sahibkarlıq fəaliyyətiylə məşğul olan “EVENTOC”un Maliyyə direktoru (“buqalter”) Elmar Əliyevdir.
Elmar Əliyev kimdir? Almaniyada obyektləri varmı? Atası Ziyafət Əliyev hansı törəmə neft şirkətinin rəhbəridir? Tural Heydərli - Elmar Əliyev - Elgiz Mirzəzadə üçlüyünün birgə təsis etdiyi “Firstec” MMC-nin sonrakı aqibəti necə oldu? Elmar Əliyev yaxın qohumu və şəriki Tural Heydərlini digər şərik Elgizin əli ilə niyə sıradan çıxarıb?
Hansı yolla onun həbsinə nail olub və digər bu kimi suallarla bağlı araşdırmamız davam edir.
Mənbə Paralel.az