İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı “Trendyol” onlayn alış-veriş platformasının haqsız rəqabətə yol açdığını deyib. C.Süleymanlı Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.
Qurumun bu mövqeyi sosial şəbəkələrdə müzakirələrə, istehlakçıların narahatlığına səbəb olub. Maraqlıdır, nisbətən ucuz qiymətləri ilə seçilən onlayn alış-veriş platformasının qadağan edilməsinin hüquqi əsasları varmı? Bu platformanı Azərbaycanda nə əvəz edə bilər?
Bununla bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov xatırladıb ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir:
“Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər”.
Haqsız rəqabətə gəldikdə isə deputatın fikrincə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil:
“Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.
Aysel Aslan