AZAL tərəfindən 2022-ci ildə ümumi 36 min REYS YERİNƏ YETİRİLİB

 23-02-2023

“2022-ci ildə ümumi 36 min reys yerinə yetirilib ki, onun da 18 mini daxili reyslərlə birgə AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir”.

Bu barədə AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib. O qeyd edib ki, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41%-ni AZAL, qalan 59%-ni isə digər aviaşirkətlər daşıyıb:

“Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb”.

Samir Rzayev, həmçinin, 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin uçuşlar həyata keçirdiyini və 2,2 milyon sərnişinin daşındığını vurğulayıb. Bu isə öz növbəsində, indiyədək rekord nəticədir: 

“Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Əksər aviaşirkətlər kimi, AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur”.

AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib ki, aviaşirkətin qiymət siyasətinə də toxunub və görülən işlərdən danışıb. Onun sözlərinə görə, təkcə 2022-ci ildə yanacağın qiyməti beynəlxalq birjalarda dörd dəfəyə yaxın bahalaşıb.

“Bütün bunlara baxmayaraq, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur”, - deyə Samir Rzayev bildirib.

S.Rzayev qeyd edib ki, AZAL xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır. Həmçinin, aviaşirkət tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərə daha sərfəli qiymətlərlə daimi istiqamətlərdə səyahət etmək imkanı yaradılır. Bundan başqa, aviaşirkətin qəbul etdiyi Strateji İnkişaf Planı da sərnişinlərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb.

Bənzər yazılar

0.14029717445374