Fevralın 22-də Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.
Bu barədə Audiovizual Şurası məlumat yayıb.
Bildirilib ki, iclasda MTV televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00-14:45 arası yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.
Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, “102”yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsınız. Siz cinayət işlədirsiniz. Kimdir dalında duran?” ifadələr səsləndirilib. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən “...Kimdir e bunun daydayı? Guya “uçastkovı” bilmir? Onda “uçastkovı”nın əli var orada, o sahə müvəkkilinin əli var orada, deməli...” ifadələri səsləndirilib.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı “Muz TV Azərbaycan” MMC-yə (MTV televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.