Qadın sığınacaqlarında tələb olunan minimum yerlərin 58 FAİZİ ÇATIŞMIR - HESABAT

 22-02-2023

Qadın sığınacaqlarında tələb olunan minimum sayda yerlərin 58%-i hələ də çatışmır.

“Report” xəbər verir ki, bu, “Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı hesabatda əksini tapıb.

Sənəddə qurbanların ədalət mühakiməsinə çıxışının ilk şərti kimi onlar üçün xidmətlərin göstərilməsi ilə bağlı tövsiyələr verilib.

Hesabatda bildirilib ki, qurbanların tibbi sığorta, maliyyə yardımı, mənzil təminatı və məşğulluq kimi ümumi xidmətlər vasitəsilə dəstəklənmək hüququ və bu sahədə məlumatlar bütün qurbanlar üçün əlçatan olmalıdır. Qadın sığınacaqlarında yerlərin sayını artırmaqla bütün qurbanlar üçün təhlükəsiz yaşayış və dəstək hüququ yaradılmalıdır. Belə ki, hazırda tələb olunan minimum sayda yerlərin 58%-i hələ də çatışmır. Cinsi zorakılıq və zorlama qurbanı olan qadınlar üçün mərkəzlərin yaradılması təklif edilib.

Həmçinin qadinlara qarşı zorakılığın və məişət zorakılığının bütün qurbanları və onların uşaqları üçün ixtisaslaşdırılmış xidmətlər təklif edə bilmələri üçün qadın QHT-lərinin kifayət qədər maliyyələşdirilməsi tövsiyə olunub.

Digər tövsiyələr qadınlara qarşı zorakılıq qurbanları üçün 24/7 rejimində çalışan yardım xəttinin mövcud olmasını təmin etmək üçün maliyyələşdirmənin artırılması, dəstək xidmətlərinə çıxış əldə etməkdə çətinlik çəkən qurbanlara dəstək olmaq üçün səyyar xidmətlərin təşkili, qaynar xəttə zənglərin hər kəs üçün ödənişsiz olmasını təmin etmək üçün dövlət orqanları ilə mobil operatorlar arasında əməkdaşlıq protokollarının işlənib hazırlanması, səlahiyyətli orqanların uzun sürən prosedurları və qurbanlarda vəsait çatışmazlığı səbəbindən mühafizədə boşluqların yaranmaması üçün sənədləri olmayan qadınların sənədlərinin dublikatlarını ödənişsiz almasını təmin etmək məqsədilə prosedurların sürətləndirilməsi daxildir.

Bənzər yazılar

0.14355301856995