76 yaşlı Asiya ana oğlu şəhid olan gündən Şəhidlər Xiyabanını özünə ikinci evi kimi seçib.
Yeniavaz.com xəbər verir ki, onun oğlu, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Müşfiq Mirzəyev birinci Qarabağ müharibəsinin şəhididir.
İnsanlar hər dəfə Şəhidlər Xiyabanını ziyarət edəndə bu ana ilə rastlaşır, halını, əhvalını öyrənirlər. Heç vaxt üzü gülməyən ana həmişə qəmgin dayanaraq sanki məzardakı oğlu ilə dərdləşir:
“Ay bala, bir dərdimiz torpaq dərdi idi, Allah prezidentimizin canını sağ eləsin, onun sayəsində alındı, mənim bir dərdim var, o da oğul dərdidir. Mən onu hər gün burda ziyarət etməsəm, elə bilirəm o, məndən inciyir, çünki məndən başqa onun kimi var ki? Düzdür, bir oğlum var, o məni yanına aparmaq istəsə də (uzaqda yaşayır), mən buradakı oğlumu qoyub gedə bilmirəm. Nə edim, anayam. Evdə axşamlar baxdığım bir televizor var idi, onu da mənə çox gördülər. Kabel televiziyası qoşmuşdular, pulsuz olduğuna görə onu da kəsdilər. İndi tək-tənha oturub özüm-özümlə söhbət edirəm”.
Ana fəxrlə əlavə edib ki, oğluna “Azərbaycan bayrağı”ordenini Heydər Əliyev özü verib. Mingəçevir “Dostluq parkı”na da Müşfiqin adı verilib.