Bu gün, martın 8-də Bakının mərkəzində "8 Marş - Susa Bilmirik" adlı yürüş keçirilib.
Yürüş iştirakçılarının sözlərinə görə, onlar Azərbaycanda baş verən çoxsaylı qadın qətllərinə, qadın intiharlarına, gender əsaslı ayrıseçkiliyə, məişət zorakılığına, cinsi zorakılığa, azyaşlıların evləndirilməsinə etiraz olaraq bu aksiyanı keçirirlər.
Onlar plakatlar qaldıraraq "Eşit evdən səsləri, vaxtında et həbsləri", "Barışdırma, araşdır" və "Qadın qətlləri siyasidir" şüarları səsləndirərək Bakıda polisin müşayiəti ilə Natəvan heykəlinə qədər yürüş etdilər.
Daha sonra yürüşün bəyanatı səslədirilib. Bəyanatda aksiya iştirakçıları Azərbaycan hökumətindən qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilməsini tələb edirlər. Habelə, qadınlara qarşı cinayətlərin qanunauyğun və ədalətli şəkildə araşdırılması, cinayətkarların məsuliyyətə cəlb olunması, İstanbul Konvensiyasının qəbul edilməsi və qadınların mübarizəsi üçün bütün maneələrin aradan qaldırılması istənilir.
Aksiya zamanı saxlanan olmayıb.