Bəxtiyar Hacıyevin təhlükəsizliyi çox aşağı səviyyədədir - Vəkildən AÇIQLAMA

 13-02-2023

"Bəxtiyar Hacıyevlə görüşdüm, qeyd edir ki, Müalicə Müəssisəsinə iradəsinə zidd olaraq etap edilib".

Bu barədə vəkil Aqil Layıc paylaşım edib.

“Etap edildikdən sonra Müalicə Müəssisəsinin baş həkimi ona sistem qoşmağı məcbur eləmək istəyib və o, imtina edib. Bu yerdə onu qeyd etmək lazımdır ki, aclıq aksiyası keçirən insanın huşu yerindədirsə ona məcburi sistem qoymaq olmaz və məcburetmə qanunsuzdur. Bu məqamda həmin müəssisənin baş hakiminə şəxsin bədən muxtariyyətinə hörmət etməyə tələb edirik.

Müalicə müəssisəsinə köçürülərkən, onun gündəlik qeydləri, tibbi qeydləri, hüquqi sənədləri və kitabları müsadirə edilib. Adi boş A4 kağızı belə müsadirəyə məruz qalıb. Ədliyyə Nazirliyindən xahiş və tələb edirik ki, onun zəruri hesab etdiyi bütün hüquqi sənədlərinin, gündəlik qeydlərinin qaytarılmasını təmin edəsiniz.

Bəxtiyar həmçinin qeyd etdi ki, Müalicə Müəssisəsində təhlükəsizliyi çox aşağı səviyyədədir. Kim istəsə otağına daxil ola bilir, həmçinin otaqdan çıxdıqdan sonra otağı açıq qalır. Təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Bəxtiyar hədsiz dərəcədə zəifləyib və özünü zorla idarə edir. Bədənində şiddətli ağrılar və yuxusuzluqdan əziyyət çəkir”, - deyə bildirib.

Sabah saat 16:00- da Bakı şəhər Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığı məsələsinə baxılacaq.

Bundan başqa, onu da bildirək ki, ictimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürlüb.

Bu barədə onun vəkili Zibeydə Sadıqova feysbuk profilində yazıb.

“Vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Müalicə Müəssisəsinə köçürüblər”, - vəkil bildirib.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb.

Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Bu gün - 13 fevral onun aclıq aksiyasının 36-cü günüdür.

Bənzər yazılar

0.16698908805847