ABŞ Dövlət Departamenti ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış edib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat paylaşılıb.
“Azərbaycanlı ictimai fəal Bəxtiyar Hacıyevin ötən ilin dekabrında Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində həbs edilməsi və onun siyasi motivli ittihamlarla həbsinin davam etməsindən dərin narahatıq. Aclıq aksiyası keçirən cənab Hacıyevin səhhəti kəskin pisləşib. Həkimlər onun komaya girmək təhlükəsi olduğunu deyir.
Amerika Birləşmiş Ştatları cənab Hacıyevin və azad fikirlərinə görə həbs edilən digər şəxslərin tezliklə azad edilməsi üçün çağırış edir.
Birləşmiş Ştatlar insan hüquqlarına hörməti inkişaf etdirmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan haqlarını pozanların məsuliyyətə cəlb edilməsinə qətiyyətlə sadiqdir. Biz Azərbaycanda və bütün dünyada sistemli islahatlara, xüsusən də insan hüquqlarının və əsas azadlıqların qorunmasına yönəlmiş bütün addımları təşviq edirik”, - deyə məlumatda qeyd olunub.