2022-ci ildə Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağları idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında məlumat verilib.
2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 min 34 ton kərə yağları idxal olunub. Kərə yağlarının idxalı dəyər ifadəsi ilə 37,1%, miqdar ifadəsi ilə 23,5% artıb. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildə 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib. Qeyd edilən illəri müqayisəli təhlil edəndə məlum olur ki, idxal olunan yağların qiymətindəki bahalaşma ilə ölkədə satılan yağların qiyməti kəskin fərqlənir.
Marketlərdə yağın satış qiymətində 2,3 dəfəyədək artım müşahidə olunur. Pandemiyanın və Rusiya-Ukrayna müharibəsinin yaratdığı bahalaşmanın fonunda bazarda süni qiymət artımı ailələrin büdcəsinə mənfi təsir göstərir. Bahalaşma təkcə yağ məhsullarında deyil, digər istehlak mallarında da sürətlə artır. Bəziləri sahibkarların süni olaraq piar aparıb bahalaşmaya zəmin hazırladıqlarını da söyləyirlər.
Bəs görəsən, bahalaşmanın əsas səbəbi nədir?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ölkəmizdə inflyasiya 40 faizdən artıq məhsullar üzərində müşahidə olunur:
“Statistik məlumatlardan da göründüyü kimi, bizdə süni qiymət artımı çoxdur. Bu tək yağ və yağ məhsullarında deyil. Statistika da bu tezisin real olduğunu bir daha sübut etdi. Qiymət bahalaşmasına təsir edən amillərdən biri inhisarçılıqdır, İnhisarçılığın təsiri daha çoxdur. Bu da rəqabət mühitinə və bazar münasibətlərinə mənfi təsir göstərir. Nəticə olaraq öz növbəsində süni qiymət artımına şərait yaranır”.
E.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var:
“Bütün bunların qarşısını almaq üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var. Ərzaq bazarında inhisarçılıq meyillərinin və təsirlərinin azaldılması üçün ciddi nəzarət həyata keçirilməlidir.
Təbii rəqabətin artırılmasına şərait yaradılmalıdır. Şəbəkə marketlərində monitorinqlər aparılmalıdır. Çünki süni qiymət artımları şəbəkə marketləri vasitəsi ilə daha çox həyata keçirilir”.
Ekspert əlavə edib ki, ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri gömrük rüsumlarıdır:
“Ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri gömrük rüsumları, gömrükdə olan özbaşınalıq və süründürməçilikdir. Həmçinin digər amillər də təsir edir. Ərzaq sektoruna digər orqanların da müdaxiləsi var. Bu da öz növbəsində bahalaşmaya səbəb olur”.
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, bəzi kərə yağları mütəmadi istifadə olunmadığı üçün qiymət artımı təsir etmir:
“İdxal olunan kərə yağının həcmi ilə onun dəyəri arasında fərqin olması birbaşa ona bağlıdır ki, bütövlükdə 2021-2022-ci ildə daha yüksək inflyasiya regional bazarda müşahidə olundu. Bu da təbii ki, birmənalı şəkildə dəyər ifadəsində idxalın həcminin artmasına gətirib çıxardı. Bu baxımdan kərə yağında da özünü göstərdi.
Əhalinin daha çox istifadə etdiyi kərə yağının da növləri var. Bəzi kərə yağ növləri var ki, onların qiymətində artım olsa da, mütəmadi istifadə olunan deyillər”.
V.Bayramov əlavə edib ki, hər bir marka üzrə qiymətlər elan olunmalı idi:
“Kərə yağının statistikasında istehsal ölkəsinin və şirkətin göstərilməsi daha yaxşı olardı. Bu da dünya bazarındakı qiymətlər arasında daha münasib müqayisənin aparılmasına imkan verərdi.
Kərə yağının qiymətinin fərqli növləri var. Çünki fərqli ölkələrdən gəlib. Və orta ton olaraq götürülməsi ümumi təhlilin aparılmasına imkan vermir. Lakin bütün hallarda təbii ki, yalnız kərə yağı deyil, bir sıra ərzaq məhsullarında süni qiymət artımını müşahidə etdik. Konkret olaraq istehsal ölkəsi və istehsal olunan kərə yağının növünün müəyyən olunması vacibdir ki, süni artımın olub-olmamasını müəyyənləşdirə bilək”.
Nəzrin Vahid