Xırdalanda daha 50 kirayə mənzil SATIŞA ÇIXARILIB

 03-02-2023

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Xırdalan şəhərində daha 50 mənzil əlavə edilib.

Fonddan Milletinsesi.info-a verilən məlumata görə, şəhərin Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşların seçiminə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər təklif edilir.

Yaşayış sahələrinin aylıq ödənişləri 428 manatdan başlayır.

Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi (EİKZS) üzərindən seçim üçün 10 fevral 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Şəffaflığın və operativliyin təmin olunması məqsədilə müraciətlərin qəbulu tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3112 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Bənzər yazılar

0.28295302391052