Azərbaycanda məhkum transseksuallar harada saxlanılır?

 05-05-2022

Azərbaycanda məhkum olunan transseksuallar həbsxananın hansı bölməsində saxlanılır? Kişilər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində, ya qadınların yanında?...

Elə bilməyin ki, bu suallar durduğumuz yerdə ağlımıza gəlib. Yox... 

Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatında baş verən hadisə bütün dünyanın diqqətini özünə çəkə bildi.

Demək, adı çəkilən ştatdakı həbsxanaların birində 2 qadın 27 yaşlı transseksualdan hamilə qalıb. Araşdırma nəticəsində məlum olub ki, həmin transseksualın şəxsiyyət vəsiqəsində cinsiyyəti qadın kimi göstərilsə də vəziyyət fərqli olub. Belə ki, onun qadın olmaq üçün əməliyyat etdirməyə vaxtı çatmayıb. 

ABŞ vəkilləri bu məsələ ilə bağlı ciddi etiraz etdilər. Hətta bəyan edildi ki, əgər, ölkə qanunvericiliyində ciddi dəyişiklik edilməsə, homoseksualların qadın həbsxanasında saxlanması hər zaman belə problemlərə səbəb olacaq. 

Bəs Azərbaycanda necə, cəzaçəkmə müəssisələri belə bir vəziyyətdən sığortalanıbmı?
 
Ümumiyyətlə, bizdə transseksuallar cinayət törədəndə harada saxlanılır? Onlar üçün ayrı cəzaçəkmə müəssisəsinə ehtiyac varmı?

Cinsiyyətini dəyişənlərin cəzaçəkmə müəssisəsində aqibətləri necə olur?

Özlərinə daha çox 3-cü cinsin nümayəndəsi kimi baxan bu şəxsləri qadınların və ya kişilərin yanında saxlamaq nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Lent.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, tanınmış hüquqşünas Əliməmməd Nuriyev homoseksuallar üçün ayrı bir cəzaçəkmə müəssisəsi yaratmağın ehtiyac olub olmaması barədə bunları deyir:

“Homo və transseksualları digər insanlardan fərq qoyulmur. Məhkəmə işlədiyi cinayətə görə, qanun çərçivəsində cəza verir. Həmin şəxslərin harada, hansı şəraitdə saxlanılması da məhkəmənin qərarına baxır. Bu da cinayətin növündən asılıdır. 

Mən onlar üçün ayrı cəzaçəkmə müəssisəsinin yaradılmasının tərəfdarı deyiləm. Bu zaman ayrıseçkilik olar. İnsanları seksual tələbatına görə ayırmaq olmaz. 

Bu tip insanların şəxsiyyət vəsiqəsində hansı cinsin nümayəndəsi olduğu qeyd olunubsa, həmin cəzaçəkmə müəssisəsində saxlanılır. 

Dünyada yavaş-yavaş artıq 3-cü cins tanınır. Amma bu bizim ölkədə qəbul olunmayıb. Buna görə də ayrı cəzaçəkmə müəssisəsi açmaq məqsədəuyğun deyil. 

Eyni zamanda qeyd edim ki, homo və transseksuallar yoxlanıldıqdan sonra cəzaçəkmə müəssisəsinə aparılır”. 

Bənzər yazılar

0.23449301719666