“Boş olan bütün vakansiyalar sistemdə formalaşacaq. Təxminən 100 minə yaxın işəgötürənin bütün vakansiyaları real vaxt rejimində vakansiya bankında toplanacaq”.
MillətinSəsi.info xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Əmək və Məşğulluq” altsisteminin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu sistem sayəsində işsizlərin işlə təmin edilməsində ciddi fürsət əldə olunacaq:
“İl ərzində formalaşan 100 min vakansiya konkret bir dövrdə sistemə daxil olduqda kadr axtarışında yeni yanaşma olacaq. İş axtaran bir hissədə bütün meyarlar üzrə öz məlumatını dolduracaq, işəgötürən axtarış üzrə bütün meyarları qeyd edəcək. Sistem bu məlumatlar arasında uyğunluğu innovativ həll vasitəsilə müəyyən edəcək. İnsan faktoru olmadan iki tərəfin məlumatları ən uyğun formada bir-biri ilə qarşılaşdırılacaq. Ümumiyyətlə bu sistem dövlət və işəgötürənlərin kadr potensialının formalaşmasında yeni yanaşma ortaya qoyacaq. Şirkətin uğuru düzgün kadr potensialından asılıdır”.
“Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Düşünürük ki, ilk mərhələdə müqavilələrin, əmrlərin elektron formalaşması, əmrlərin reyestri, müqavilələrin reyestri, vakansiya bankının elektron formalaşdırılması, vakansiyanın aktiv və passiv etmə funksiyalarını tətbiq edək. Sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minimuma endiriləcək”-, deyə sədr qeyd edib.