Amerika F-35 qırıcılarının alıcıları Vaşinqtondan icazə almadan onlardan təkbaşına istifadə edə bilməzlər.
Bunu Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.
“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-nin icazəsi olmadan təyyarələrdən təkbaşına istifadə edə bilməyəcəklərini deyirlər. Yüksək texnologiyalar qandallarla müşayiət olunur”, - deyə o, bəyan edib.
Bayraktarın fikrincə, ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür.
O vurğulayıb ki, kənardan əldə edilən ən qabaqcıl həll belə, ölkə daxilində yaradılan ən sadə texnologiyadan qat-qat pisdir. O bildirib ki, “Bayraktar” dünya tarixində artıq iz buraxıb: “Bu PUA 28 ölkəyə ixrac edilib. Bizdən “Kızıl elma”dan sonra hansı PUA-nın istehsal olunacağı barədə soruşurlar. Kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü də ortaya qoymuşuq. 35 nəfərlik komandamız addım-addım böyüyür. 5-10 ildən sonra ölkəmizin kosmosla bağlı işlərinə ciddi dəstək verəcək uğurlara imza atacağımıza inanırıq. “Fərqani” adlı kosmosla bağlı layihəmizlə bəşəriyyətə bu məsələdə də töhfə verəcəyik”.
S.Bayraktar həmçinin xatırladıb ki, “Kızıl elma” Türkiyənin ilk pilotsuz təyyarəsidir: “Beləliklə, gələcəyin savaşında inqilab olacaq. Biz PUA istehsalında uğurlarımızı bundan sonra da davam etdirəcəyik”.
Mənbə: TGRT