Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.
İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onların arasında Xalq artisti Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar incəsənət xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.
APA sözügedən şəxslərlə əlaqə saxlayaraq, üzvlükdən imtina səbəblərini öyrənib.
Xalq yazıçısı Natiq Rəsulzadə üzvlükdən imtina etmək məsələsinin çoxdan olduğunu deyib:
“Mən o üzvlükdən çoxdan imtina etmişəm. Çünki bir Xalq yazıçısı olaraq, məni nə katibliyə, nə də rəhbərliyə saldılar. Bu, hesab edirəm ki, doğru deyil, haqsız yanaşmadır. Bilirsiniz, mən hansısa qurumdan çıxanda qapını çırpmıram. Səs-küyü sevmirəm. Bu qədər adam üzvlükdən imtina edibsə, demək, burada nəsə var. Mən, ümumiyyətlə, 5-6 ildir, ora ilə əlaqəni kəsmişəm”.
Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas gətirib.
“O ittifaq, ümumiyyətlə, niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı. Hamısı yalandır”.
Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır:
“Mən Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Amma bu, mənə deyilməyib. Təsəvvür edirsiniz? Şəfiqə Məmmədova bunu məndən gizlədib. Düzdür, bir gün qalmış xəbər tutdum, bir təhər getdim, amma edilən hərəkətə heç bir ad verə bilmədim. Bundan sonra artıq üzvlükdən imtina etdim. Mən seçki prosesində də olmamışam. Şəfiqə Məmmədova yenidən necə, harada sədr seçilib, bilmirəm, mən onu seçməmişəm, seçmək fikrim də olmayıb”.
İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) qurumdakı kütləvi istefalarla bağlı yayılan məsələlərə münasibət bildirib.
İttifaqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq, istənilən şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər:
“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi nümayəndələrinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb.
Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini deyərək, əksinə adlarından istifadə edərək belə xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.
Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.