Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 24 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib:
"Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır".
Onu da qeyd edək ki, Azərbaycan Ordusunun intihar edən əsgəri Salahov Əkram Asim oğlu dəfn olunub.
O, bu gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Ə.Salahov altı ayın əsgəri olub.