Gənclər təşkilatları 20 Yanvar Şəhidlərini ehtiramla YAD EDİBLƏR

 20-01-2023

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş Ümumxalq Hüzn Günündən 33 il ötür. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı, xüsusilə gəncliyimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş görüş keçirilib, daha sonra istiqlal fədailərinin məzarları ziyarət olunub.

Yanvarın 18-də şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan görüşdə 20 Yanvar şahidləri NAYORA-ya üzv və ya tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə şahidi olduqları faciəni bölüşmüş, mövzu istiqamətində müzakirələr aparıblar. Görüş əsnasında 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi qeyd olunmuşdur. Görüşdə iştirak edən gənclər tərəfindən faciənin dövlət səviyyəsində anılması, həmçinin, gənc nəslin vətənpərvər ruhda yetişməsinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi olduğu bildiriblər. Görüşdə iştirak edən spikerlər 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, bu hadisələrin unudulmadığı, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər.

Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində, 20 yanvar tarixində NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğaldan azad edən gənclər artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə Şəhidlərimizin əziz xatirəsini uca tuturlar. Artıq bütün şəhidlərimizin ruhları dincdir. Müstəqilliyimiz möhkəm, Vətənimiz bütövdür.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün Şəhidləri hörmətlə anırıq!

 

Bənzər yazılar

2.2306959629059