“Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
“Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqları son artımlara aid olundu.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əməkhaqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz.
Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqılar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”, - deyə millət vəkili qeyd edib.