Əkrəm Həsənov: “Onun imzaladığı pullar hələ azı 10 il dövriyyədə olacaq”
Azərbaycan Mərkəzi Bankına 27 il rəhbərlik edən Elman Rüstəmovun postundan getməsindən sonra da onunla bağlı müzakirələr səngimir. Son günlər onun vəzifədə olduğu müddətdə tədavülə buraxdığı 10 manatlıq pul nişanında Mərkəzi Bankın sabiq sədrinin imzasının olması ictimaiyyətin diqqətini cəlb edib. Bir çoxları sabiq sədrin imzasının yeni tədavülə buraxılacaq pulun üzərində olmasını doğru addım kimi qiymətləndirmirlər.
İctimaiyyət arasında gedən müzakirələrə Mərkəzi Bank açıqlama ilə cavab verib. Açıqlamada bildirilib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.
Qeyd edək ki, Elman Rüstəmov 1995-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub. Aprelin 13-dən isə bu vəzifədə onu Taleh Kazımov əvəz edib.
Mərkəzi Bankdan bildirilib ki, sədr vəzifəsinə yeni təyinatla əlaqədar təyinat tarixindən sonra istehsal olunacaq kağız pul nişanlarında yeni rəhbərin imzası təsvir olunacaq. Bu zaman həm tədavüldə olan, həm də yeni istehsal olunmuş pul nişanları paralel dövriyyədə olacaq.
Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının cari ilin 22 iyun tarixindən tədavülə buraxılması nəzərdə tutulur.
Onu da bildirək ki, kağız pul əsginaslarının üzərində rəsmi şəxslərin imzasının olması dünyada yayılmış təcrübədir. Məsələn, ABŞ-da dollar banknotlarının üzərində ölkənin baş xəzinədarı və maliyyə nazirlərinin imzası olur. Həmin imzaları izləməklə bu ölkədə baş xəzinədar və maliyyə naziri postunu tutan şəxslərin siyahısını hazırlamaq mümkündür. Böyük Britaniyada banknotları Mərkəzi Bankın baş kassiri imzalayır. Hindistanda bütün pulları maliyyə naziri, yalnız 1 rupini baş kassir imzalayır.
Rusiyada, ümumiyyətlə, heç kimin imzası olmur. Bunun da kökü 37-ci illərdə SSRİ-də yaşanan hadisəyə gedib çıxır. Belə ki, həmin illərdə buraxılan əsginasların üzərində imzası olan maliyyə naziri sonradan xalq düşməni kimi güllələndiyinə görə bütün pulların yenilənməsi lazım gəlib. Bundan sonra Stalinin əmri ilə əsginaslar imzasız çap olunub. Daha sonra 1994-cü ildə bir dəfə Rusiya maliyyə nazirinin imzası ilə az miqdarda rubl çap olunub, lakin ondan sonra bu təcrübədən istifadə edilməyib.
Azərbaycana gəlincə, ölkəmizdə son 27 ildə əsginasları baş bankir imzalayıb.
Əkrəm Həsənov
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, dünyada milli əsginasların üzərində kimlərinsə imzalarının olması qədim tarixə malik ənənədir: “Lap qədimlərdə dövlət başçılarının profili qızıl-gümüş sikkələrin üzərinə vurulurdu: bu, həmin pulların xalis qızıldan, yaxud gümüşdən hazırlanmasının sübutu hesab olunurdu. Sonralar kağız pullar meydana çıxanda imzalanma adəti yarandı. Bu, bir öhdəlik hesab olunurdu: həmin pulların qızıla dəyişdirilməsi üçün. 20-ci əsrin əvvəllərinə qədər kağız pulun belə qızıl təminatı vardı. Hər bir kağız pul müəyyən qədər qızıla dəyişdirilirdi. 20-ci əsrin əvvəllərində böyük depressiya zamanı müxtəlif ölkələr külli miqdarda kağız pul buraxdılar, həmin pullar sürətlə dəyərsizləşdi və beləliklə, onların qızıl təminatı da ortadan qalxmış oldu. 50-ci illərdə Bretton-Vuds razılaşması dolların qızıl təminatını yenidən rəsmiləşdirdi. Lakin 70-ci illərdə bu da aradan qalxdı. Yəni artıq kağız pulların heç birinin qızıl təminatı mövcud olmadığına görə onların üzərindəki imzalar da simvolik xarakter daşıyır”.
Ə.Həsənov hesab edir ki, Azərbaycanda da əsginasların imzalanması praktikasının dayandırılması daha yaxşı olar: “Əvvəllər bu imzanın bir funksiyası da var idi: pulları saxtalaşdırmaqdan qorunması. Müasir dövrdə saxtalaşdırmaya qarşı çox effektiv alətlərdən istifadə olunduğuna görə artıq imzaların əhəmiyyəti qalmır. Azərbaycanda qanunvericilikdə də belə tələb yoxdur, bununla bağlı Mərkəzi Bank özü qərar qəbul edib. ”Mərkəzi Bank haqqında" Qanuna əsasən pulun dizaynını Mərkəzi Bank müəyyənləşdirir. Lakin orada imza ilə bağlı hər hansı tələb yoxdur. Buna görə də Milli Məclisin həmin qanuna imzalanmanı qadağan edən müddəa əlavə etməsi daha doğru olardı. Kağız pulların ömrü onsuz da elə uzun deyil, onlar mütəmadi olaraq yenilənir. Hər dəfə köhnə imzalı əsgkinaslar Mərkəzi Banka gəldikcə onları yeniləri ilə əvəz edəcəklər. E.Rüsətmovun imzaladığı pulların dövriyyədən tam çıxarılması on ilə yaxın vaxt aparacaq. Buna görə də üzərində E.Rüstəmovun imzası olan pulların da uzun müddət dövriyyədə olacağı gözlənilən deyil. Düşünürəm ki, hər dəfə Mərkəzi Bank rəhbəri dəyişəndə imza dəyişməkdənsə, elə birdəfəlik bu imzanı ləğv etmək daha yaxşıdır".
Mənbə musavat.com