“Gulf Business”: “Masdar” SOCAR şirkəti ilə bərpa olunan enerji layihələrini inkişaf etdirəcək” 

 18-01-2023

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 GVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 GVt gücündə Günəş Fotovoltaik və 1 GVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.

“Masdar”ın “Twitter” hesabında yerləşdirilən məlumatda qeyd edilir ki, sazişlər ümumi gücü 4 GVt olan quruda külək və Günəş enerjisi layihələrinin inkişafını, inteqrasiya edilmiş dənizdə külək və “yaşıl” hidrogen layihələrini əhatə edəcək.

Bu barədə Yaxın Şərq və Ərəb ölkələri ilə bağlı ən son biznes xəbərlərini işıqlandıran “Gulf Business” saytı da məlumat yayıb.

Bildirilir ki, öz iqtisadiyyatını şaxələndirməyə və istixana qazı emissiyalarını azaltmağa çalışdığı üçün Azərbaycan 2030-cu ilə qədər daxili enerji ehtiyacının 30 faizini bərpa olunan enerji mənbələrindən təmin etmək üzrə milli hədəfini həyata keçirir.

BƏƏ-nin 2050-ci ilə qədər Strateji Təşəbbüsünün açarı olan “Masdar” 2030-cu ilə qədər 100 GVt bərpa olunan enerji gücünə və illik bir milyon ton “yaşıl” hidrogen istehsalına nail olmaq məqsədi daşıyır.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri və “Masdar”ın sədri Sultan bin Əhməd Əl Cabir deyib:

“Bu sazişlər BƏƏ ilə Azərbaycan Respublikası arasında, onsuz da, güclü olan münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək və enerji balansının diversifikasiyasına və aşağı və sıfır karbon tullantıları hədəfinin işlənib-hazırlanmasına dair birgə öhdəliyimizə sübutdur”.

“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Cəmil Ər-Ramahi bildirib:

“Masdar” Azərbaycanı təmiz enerji səyahətində dəstəkləməkdən qürur duyduğumuz əsas strateji tərəfdaş kimi görür”.

O qeyd edib ki, bu imza Azərbaycanın bərpa olunan enerji məqsədlərini irəli aparacaq və onun davamlı iqtisadi inkişafına dəstək verəcək əhəmiyyətli əməkdaşlığın inkişafı üçün bir mərhələdir.

Ötən ilin iyun ayında “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ikitərəfli əsasda bir neçə texnologiya üzrə ümumi gücü 10 GVt olan bərpa olunan enerji proqramının həyata keçirilməsi üçün sazişlər imzalayıb ki, bu da Azərbaycan tarixində ən böyük belə imzalardan biridir. Birgə inkişaf sazişləri ümumi gücü 4 GVt olan proqramın birinci mərhələsinin inkişafı üçün tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini müəyyən edir.

“Masdar” həmçinin Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş elektrik stansiyasını inkişaf etdirir. Stansiya hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək ki, bu da 110 000-dən çox evin tələbatını ödəməyə və atmosferə atılan tullantıları ildə 200 000 tondan çox azaltmağa, eyni zamanda dəyərli iş yerlərinin yaradılmasına imkan verəcək.

Bənzər yazılar

0.14351797103882