Xərçəngdən ölən qaziyə lazımi tibbi yardım göstərilməyib?

 29-04-2022

Aprel döyüşlərinin iştirakçısı baş leytenant Aydın Əlibaba oğlu Həzrətov ötən gün beyin xərçəngindən vəfat edib. Bu barədə onun qardaşı İslam Həzrətov məlumat verib.

MillətinSəsi.info xəbər verir ki, həyat yoldaşı Ülviyyə Həzrətova A. Həzrətovun ölümündən əvvəl “Lent.az”-a onun vəziyyəti barədə məlumat verib.

Ü. Həzrətova bildirib ki, A. Həzrətov döyüşdə aldığı zərbədən sonra iflic olub:

“Mənim həyat yoldaşım Aprel döyüşlərində iştirak edib. Döyüş zamanı isə Tərtərdə olub. Həmin vaxt rütbəsi leytenant idi. Yoldaşım döyüşdə yaralanıb və səhvi onda edib ki, həmin vaxt bunu xəstəxanaya bildirməyib. Bunu da ona görə edib ki, döyüş yoldaşlarını tək qoymaq istəməyib. Buna görə də bizə qazi sənədi vermirlər.

Aydın Ağdamda 190 nömrəli hərbi hissədə olub. Bunu araşdıra da bilərlər. İndi də yoldaşımın başında aldığı xəsarətdən bədxassəli xərçəng yaranıb. Vəziyyəti çox ağırdır, sağ tərəfi işləmir və yataqdadır. Vəziyyəti o qədər ağırlaşıb ki, heç kimi, hətta məni və uşaqlarımızı da tanımır. Biz təcili Türkiyəyə çıxmalıyıq və bunun üçün də maddi dəstəyə ehtiyacımız var.

Bununla bağlı YAŞAT Fonduna da müraciət etmişik, amma onlar deyir ki, Aydın qazi kimi qeydiyyata düşmədiyi üçün kömək edə bilmirik. Yoldaşım silahı qoyub, xəstəxanaya getməyib. Axı bu günah deyil. Biz gecikirik, bizə kömək lazımdır”.

Aydın Həzrətovun xanımının dediyinə görə, Onkoloji Mərkəzdən "üzərlərinə düşən bütün müalicəni etdiklərini və onlarlıq heç bir şey qalmadığını" bildiriblər.

Məsələ ilə bağlı YAŞAT Fondundan Yeniavaz.com-a bildirilib ki, Həzrətov Aydın Əlibaba oğlu 3-cü qrup əlil olsa da, Fondun subyekti hesab olunmur:

“YAŞAT Fondunun subyekti şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərdir.

Qeyd edək ki, Aydın Həzrətovun əlilliyi hərbi xidmət dövrü ilə əlaqədardır.

Həmçinin onkoloji xəstələrə tibbi yardım “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Onkologiya Mərkəzində və onkoloji xəstəxanalarda (dispanserlərdə) həyata keçirilir. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Fondun məqsədi dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına göstərilən sosial tədbirlərə əlavə dəstək verməkdir”.

Aydın Həzrətovla bağlı həmçinin Müdafiə Nazirliyinə müraciət etdik. Müraciətimizin məqsədi o idi ki, aprel döyüşləri içtirakçısına Nazirlik səviyyəsində hər hansı yardımın edilib-edilə bilməyəcəyi barədə məlumat əldə edək. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb, məlumat veriləcək.

Bənzər yazılar

0.43378090858459