Köhnə avtomobillərin fəsadları nələrdir və onlardan NECƏ QURTULA BİLƏRİK? 

 16-01-2023

Azərbaycanda avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ili ötür. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, hazırda ölkədə yaşı 40 ili ötmüş maşınlar da var ki, onlar bazarın yeddi-səkkiz faizini təşkil edir. Qurum rəsmisi bu tendensiyanın ilbəil artdığını vurğulayıb:

“Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir edəcək”.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Milletinsesi.info-a açıqlamasında ilk olaraq hökumətin avtomobil parkının yaşıyla bağlı qoyduğu tələbə diqqət çəkib:

“Həmin tələbə əsasən, köhnə avtomobil 10 yaşa qədər olmalıdır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda utilizasiya ilə bağlı bir bənd də mövcuddur. Öncəliklə bildirim ki, utilizasiya böyük bir prosesdir. O, yerli avtomobil istehsalının stimullaşdırılmasını və bunun hesabına avtomobil parkının yenilənməsini özündə ehtiva edir. Burada məcburiyyətə yer verilmir. Ona görə də vətəndaşları utilizasiyaya həvəsləndirmək üçün avtomobil satışında güzəştlər və yaxud başqa alternativ alətlər olmalıdır. Çünki köhnə avtomobillərin atmosferə buraxdığı qaz ekoloji kirliliyə, səs kirliliyinə, mühitin korlanması, daha aqressiv mühitin formalaşmasına gətirib çıxarır”.

Ekspert sözügedən problemin qarşısını alma yollarından da söz açıb: 

“Ümumi ictimai nəqliyyatın inkişafına diqqət artırılmalıdır. Azərbaycan Respublikasının böyük bir avtomobil və dəmiryol şəbəkəsi var. Bakı ilə regionlar arasında da, demək olar ki, bu şəbəkə mövcuddur. Sadəcə, yetərli qatar sayı yoxdur. İctimai nəqliyyatın hərəkətinə xidmət göstərən avtobusların yaşı isə 20-dən yuxarıdır. Məncə, dövlət proqramında sırf ictimai nəqliyyat üçün gətirilmiş avtobuslara güzəştlər tətbiq olunmalıdır. Məsələn, əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilərlər. Çünki ən başda vətəndaşa xidmət göstərən sahələrdə hər hansı bir güzəşt olmalıdır. Bu yolla biz avtomobil parkının yenilənməsinə nail ola bilərik.

Bu gün Avropa ölkələrində avtomobillərin sayı bizdəkindən dəfələrlə çoxdur. Amma biz bir şeyi nəzərə almalıyıq ki, Avropa dövlətlərində yaşayan vətəndaşlar gün ərzində yalnız zəruri hallarda şəxsi avtomobildən istifadə edirlər. Digər hallarda ictimai nəqliyyatdan istifadə etməklə mobilliyi təmin edirlər. Biz də bu yöndə işlərimizi görməli, çeşidlərimizi artırmalı və vətəndaşa daha çox imkan yaratmalıyıq ki, daha çox ictimai nəqliyyatla hərəkət etsinlər”. 

Müsahibimiz vurğulayıb ki, eyni bir mövzuda şaxəli problemlər və həllər var:

“Biz əgər sırf şəhər mühitindən danışırıqsa, yanaşma “çəkindir, əvəz et, təkmilləşdir” prinsipindən ibarət olmalıdır. “Çəkindir” dediyimiz parklama siyasətidir. Zonalar üzrə parklamanın qiymətinin müəyyən olunmalı və ona nəzarət edilməlidir. “Əvəz et” dedikdə ictimai nəqliyyatın maliyyələşdirilməsi, onun daha da optimallaşdırılması, işinin daha yaxşı təşkil olunmasına diqqət çəkilir. “Təkmilləşdir” dedikdə isə yol hərəkəti qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma ilə avtomobil parkının yenilənməsinə nail olmaqla yanaşı, fərqli bir ictimai nəqliyyata sahib olaraq vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadə edərək mobilliyini təmin etmiş olarıq. 

Proses bu şəkildə icra olunarsa, vətəndaş avtomobili olsa belə, yalnız zəruri halda ondan istifadə edər. Çünki avtomobil istifadəsi bəzən rahatlıqdan narahatlığa gətirib çıxarır. 

Avtomobilin alışı tez başa gəlir, amma hər hansı bir yolun, süni qurğunun tikilməsi zaman alan prosesdir, yəni bunlar tərs mütənasibdir. Siz yolunuzu hər hansı bir avtomobil sayına nəzərdə tutub tikirsiniz, amma qısa zamanda nəzərdə tutduğunuzdan daha çox avtomobil yola çıxırsa, aktuallıq itir və buraxıcılıq qabiliyyəti azalır. Aktuallıq itdiyi üçün oraya qoyulan investisiya da şübhə altına alınır. Ona görə də biz daha səmərəli yollarda daha effektiv həlləri fikirləşməliyik. Avtomobil parkının yenilənməsindən söhbət gedirsə, onu da prioritetlər üzrə bölməliyik. Şəxsi avtomobildən öncə ictimai nəqliyyatın avtoparkının yenilənməsində güzəştlərin təxirə salınmadan tətbiqini təklif etməliyik”.

Sayad Həsənli

Bənzər yazılar

0.14512801170349