Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan filialını məhkəməyə verib.
HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Artıq iyunun 9-da hazırlıq iclası təyin edilib. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə heç bir bilgi yoxdur.
Ehtimal olunur ki, şirkət öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə verilib. “DİA Holdinq FZCO" şirkəti Dubayda ofşor zonada yaradılıb. Şirkətin Bakı, Dubay və İstanbulda ofisləri fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, Holdinqin Azərbaycandakı filialı 5 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Burhan Keles olsa da, təsisçisi Həsən Məhəmməd Gözəldir.
İnternet resurslarından əldə etdiyimiz məlumata görə, Həsən Gözəl “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəlin qardaşı oğludur. Həsən Gözəl, eyni zamanda, “İntersun Holdinq” şirkətinin sahibidir. Bu şirkət isə “Azersun Holdinq”in təsisçisidir.
Yeniavaz.com isə yaydığı məlumata görə, məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir.
Məlumat üçün bildirək ki, “DİA Holdinq FZCO” şirkətinin Azərbaycandakı fililalı 05.12.2007-ci ildə Nərimanov rayonu, Ziya Bünyadov, ev 19/69 ünvanında qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı fililalının rəhbəri Burhan Keleşdir. Şirkətin təsisçilərindən biri Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalin qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozal olub.