Ekoloji aksiyanın 32-Cİ GÜNÜ: Sülhməramlıların 14 avtomobili maneəsiz HƏRƏKƏT EDİB

 12-01-2023

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 13 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir minik və 12 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.  Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Beynəlxalq təşkilata məxsus avtomobillərdən ikisində bir neçə erməni ailəsi və azyaşlı uşaq olub.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.

Onu da bildirək ki, bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 32-ci günüdür.

Şuşa şəhərinə qar yağmağına baxmayaraq, aksiya ötən gecə boyu da davam edib.

Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, onlar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Bu gün səhər saatlarında Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilini hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Belə ki, minik maşını Xankəndindən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Bənzər yazılar

0.14400887489319