Qonşu və keçmiş postsovet ölkələrində məskunlaşmış Qərbi azərbaycanlıların STATİSTİKASI APARILACAQ

 11-01-2023

“Son 100 ildə Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların statistikası aparılacaq, onların qaçqın kimi məskunlaşdığı ərazilər müəyyənləşdiriləcək”.

Bu barədə APA-ya açıqlamasında Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, hazırda Qərbi Azərbaycan İcması qarşısında ümummilli vəzifələr qoyulub:

“Bu istiqamətdə atılacaq addımlar xeyli dərəcədə kütləvi və çoxistiqamətlidir. Ona görə Qərbi Azərbaycan İcması bir tərəfdən Qərbi Azərbaycanda olan torpaqlarımızın tarixi ilə bağlı işlər aparır, digər tərəfdən sırf demoqrafik kontekstdə addımlar atılacaq. Son 100 ildə Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların statistikasının aparılması və onların qaçqın olaraq sonrakı mərhələdə məskunlaşdığı ərazilər müəyyənləşdiriləcək.

Çünki istər 1918-1920-ci illərdə, istərsə də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan köç edən azərbaycanlılar təkcə Azərbaycan Respublikasının inzibati sərhədləri daxilində məskunlaşmayıb. Onlar postsovet məkanında və yaxın qonşu ölkələrin müxtəlif şəhərlərində də məskunlaşıblar.

Ona görə də bu istiqamətdə statistikanın aparılması uzunmüddətli vaxt və ciddi araşdırma tələb edir. Yalnız 1948-1953-cü illərdə Qərbi Azərbaycandan Azərbaycana deportasiya olunmuş azərbaycanlıların statistikası bəllidir. Çünki o dövrdə SSRİ Nazirlər Sovetinin uyğun qərarı ilə köçürülən əhalinin sayı və onlara təqdim olunan köçürülmə sənədi mövcuddur. Ancaq bununla bağlı da dəqiqləşmələrin aparılmasına çox böyük ehtiyac var. Azərbaycan Qaçqınlar Cəmiyyətinin arxivlərində belə sənədlər mövcud olsa da, tam deyil”.

Hikmət Babaoğlu vurğulayıb ki, 1988-1991-ci illərdə öz ata-baba yurdlarından məcburi olaraq köçürülənlərin əllərində Ermənistan Respublikasına aid vətəndaşlıq sənədləri, orta məktəbi bitirmələri haqqında şəhadətnamələr, doğum şəhadətnamələri, eyni zamanda məktəbdən məzun olma ilə bağlı və yaxud dövrün Kommunist Partiyasına, yaxud komsomol, pioner təşkilatlarına münasibətləri bildirən çoxsaylı sənədlər var:

“Artıq Qərbi Azərbaycan İcmasında bu dəqiqləşmələrin aparılmasını zəruri edən işlərə başlanıb. Ancaq bu iş xeyli vaxt tələb edir”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, ən mühüm məsələlərdən biri Qərbi Azərbaycandan 1988-91-ci ildə Azərbaycana gələn soydaşlarımızın Ermənistan vətəndaşlığını təsdiq edən pasportları ilə bağlıdır:

“Bu istiqamətdə də dəqiqləşdirmələr aparılacaq. O sənədlərin Azərbaycanda şəxsiyyət vəsiqələri verilən zaman yığılması və arxivləşdirilməsi məsələsinə aydınlıq gətiriləcək. Bu istiqamətdə də işlərə başlanılıb”.

İcma sədrinin müavini dünən Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasına diqqət çəkib:

“Prezident İlham Əliyev bir daha Qərbi Azərbaycanla bağlı bildirdi ki, hazırda qayıdışla bağlı ümumi konsepsiya hazırlanır. Konsepsiyadan sonra Qayıdış Proqramı üzərində işə başlanacaq. Bir məsələni dövlət başçısı xüsusi vurğuladı ki, biz reallaşması mümkün olmayan hər hansı məsələni gündəmə gətirmirik. Bu, Azərbaycanın Qərbi Azərbaycana qayıdışla bağlı prinsipial mövqeyinin ən ali səviyyədə dilə gətirməsidir. Eyni zamanda bu, beynəlxalq hüququn tələbidir və tarixi ədalətin bərpası istiqamətində atılan mühüm addım olacaq. Hazırda bu istiqamətdə işlər gedir. Bunun üçün xüsusi İşçi Qrup yaradılıb. İşçi Qrup bütün məsələlərlə bağlı konsepsiya üzərində xüsusi iş aparır”.

Bənzər yazılar

0.14001202583313