Gəncədə sakinlər, şəhid ailələri və qazilər daim İCRA BAŞÇISININ DİQQƏTİNDƏDİR: Vətəndaş qəbulları geniş vüsət alıb

 27-04-2022

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Bu partiyanın müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında olması onun yaradıcısı ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır.

Bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə daha da artmaqdadır. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib.

gence icra4

Bu gün Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib.

Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, respublikamızın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir".

2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Əlbəttə ki, atılan bütün addımlar vətəndaş məmnunluğunun tam şəkildə təmin olunmasına xidmət edir.

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.

gence icra

İcra başçısı Niyazi Bayramovun rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır.

Şəhərin müxtəlif hissələrində sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəklərinə əsasən, problemlərə yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar və s. onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, onun birinci müavini Səməd Tomuyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrə əməl edərək Gəncə şəhərində vətəndaşların qəbul edilməsinə, onların problemlərinin yerindəcə həll olunmasına böyük əhəmiyyət verirlər.

Ona görə də şəhərin müxtəlif yerlərində səyyar qəbullar həyata keçirilir. Bu qəbullarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, Gəncədən olan millət vəkilləri mütəmadi olaraq iştirak edirlər.

gence icra1

Niyazi Bayramov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verir, qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapır. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilir. Keçirilən səyyar qəbullar “açıq mikrofon” şəraitində aparılır.

Çox təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov həm Şəhər İcra Hakimiyyətinin başçısı ilə birgə, həm də ayrıca olaraq vətəndaşların fərdi qəbulunu həyata keçirir. Bu qəbullarda insanlara tam sərbəstlik verilir. Hər bir qəbula gələn şəxs bu görüşlərdən məmnun olduğunu bildirir.

gence icra2

Niyazi Bayramov, Ramil Orucov Vətən müharibəsi qazilərini və iştirakçılarını, eləcə də digər şəhər sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olur, müraciət və təkliflərini dinləyir. Müraciətlər arasında məşğulluq, təhsil, sosial, hüquqi və tibbi yardım kimi məsələlər üstünlük təşkil edir. Vətəndaşlara etdikləri xahiş və müraciətlərlə bağlı müvafiq köməklik göstərilir.

Bu qəbullardan əlavə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavin Kamran Məhərrəmov, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev və digər şəhər rəsmiləri asudə vaxtlarını şəhər sakinləri ilə birgə keçirir. Bayram və istirahət günlərində Gəncənin müxtəlif hissələrində gəzintiyə çıxan şəhər rəhbərliyi sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanırlar.

gence icra3

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə olduğu kimi Gəncə şəhərində də şəhid ailələri, qazilər diqqət və qayğı ilə əhatə olunmuşdur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.

Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki,xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.

 

elcin sekil

ELÇİN CAVADOV
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru

Bənzər yazılar

0.21898102760315