Bakı-Sumqayıt elektrik qatarı 45 dəqiqə gecikib.
Milletinsesi.info xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt sərnişin stansiyasından hərəkətə başlamalı olan qatar gecikib. Dəmiryol işçiləri bu barədə sərnişinlərə dolğun məlumat verməyiblər.
Sərnişinlər deyirlər ki, qatar 45 dəqiqə gecikmə ilə gəlib. Bu zaman müddətində sərnişinlərə turniketlərin yanında gözləməyə imkan verilməyib, sərnişinlər 45 dəqiqə platformada soyuq hava şəraitində əlacsız gözləməli olublar.
“Hazırda paytaxt Bakıda və regionlarda müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən zəruri tədbirlər həyata keçirilir. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə platformalara və keçidlərə duz və kimyəvi maddələrin səpilməsi müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır”.
Bu barədə Milletinsesi.info-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, qabaqlayıcı tədbirlərin görülməsi bu gün səhər saatlarından etibarən daha da intensivləşib:
“9 yanvar tarixinə olan məlumata əsasən, elektrik qatarlarının qrafikində ciddi gecikmə halları müşahidə olunmayıb. Yalnız Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən bir sərnişin qatarında gecikmə qeydə alınıb.
Belə ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətinin 46-cı km-də kontakt şəbəkəsində baş vermiş texniki nasazlığa görə qatar əks istiqamətdə hərəkət edərək Sumqayıt şəhərinə çatıb. Bu da öz növbəsində qatarın Abşeron dairəvi dəmir yolu üzrə qrafikində cüzi gecikməyə səbəb olub.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planı çərçivəsində 2022-ci ilin payız aylarından etibarən bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib, müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.
Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir”.
Qeyd edək ki, sərnişinlər iddia edirdi ki, səhər saat 08:00-da Sumqayıt sərnişin stansiyasından çıxmalı olan 6010 nömrəli Bakı-Xırdalan-Bakı elektrik qatarı 45 dəqiqə gecikmişdir.