“BMJ Global Health” jurnalında qulaqlıqların sağlamlığımıza təsiri ilə bağlı aparılan elmi tədqiqatın nəticələri dərc olunub. Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, qulaqlıqlardan istifadə edən 1 milyarddan çox insan eşitmə itkisi riski altındadır. Yazıda qeyd edilib ki, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Bu səbəbdən gələcəkdə bir çox insan eşitmə qabiliyyətini itirəcək.
Elə ətrafımıza fikir versək, hər 5 gəncin 4-nün intensiv şəkildə qulaqlıq istifadə etdiyini görə bilərik. Naqilsiz qulaqlıqlar bazara çıxandan sonra bu tendensiya daha da artıb. Hər birimiz müəyyən zamanlarda, bəzi məqsədlər üçün qulaqlıq istifadə etməli oluruq. Lakin fikir verdikdə görürük ki, qulaqlıqdan mütəmadi istifadə edənlərin diqqəti dağınıqdır. Hətta dəfələrlə eşitmişik ki, qulaqlıqdan istifadə etdiyi üçün səsi eşitməyən, qatarın, maşının altında qalaraq həyatını və ya sağlamlıqlarını itirənlər olub.
Bəs dövrün tələbinə çevrilən bu vasitənin ümumilikdə qulaqlarımıza və sağlamlığımıza hansı təsirləri var?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Psixoloq Murad İsayev deyir ki, qulaqlıq insanlarda asılılığa səbəb olur:
“Qulaqlıqlardan istifadə həqiqətən də həddindən artıq çoxdur. Hətta demək olar ki, patoloji dərəcədədir. Bu kimi alətlər insan psixologiyasına çox pis təsir göstərir. Musiqidə müəyyən herslər olur. Musiqiçilər insanlar dinləsinlər deyə, müəyyən ritmlər, tembrlər qoyurlar. Bu da insanlarda asılılıq yaradır”.
Psixoloqa görə, qulaqlığın həyatımıza vurduğu ziyanlar çoxdur:
“3 yaşa qədər uşaqlardan musiqini, qulaqlığı uzaq tutmaq lazımdır. Bəzi valideynlər isə uşaqları qulaqlıqla yatızdırırlar. Özləri qulaqlıqla hansısa bir filmə və ya musiqiyə qulaq asarkən, uşaq da qulaqlıqla yatır. Maşınla gedərkən də qulaqcıqdan istifadə etmək, zəngə cavab vermək düzgün deyil. Ona görə ki, diqqət ora yönəlir, insanlar getdiyi yola konsentrasiya ola bilmir. Naqilsiz qulaqlığın beyinə təsiri lap çoxdur. Ona görə limitli istifadə etmək lazımdır”.
Həkim-audioloq Amaliya Məmmədovanın sözlərinə görə, texnikanın sürətlə inkişafı ilə əlaqədar insanların həyatına daxil olan texnoloji avadanlıqlardan biri də qulaqlıqlardır:
“Faydası harada olmağımızdan asılı olmayaraq səs və küydən uzaqlaşmağımıza kömək etməsidir. Qulaqlıqdan istifadə edərək kənardakı insanları narahat etmirsiniz”.
Həkimin fikrincə, səsin qulağımızdan beynimizə daxil olma mexanizmi qulaqlıq vasitəsilə pozula bilər:
“Qulaq seyvanı və xarici qulaq kanalı ətrafdan gələn səsləri qulaq pərdəsinə çatdırır. Qulaq pərdəsi səslərin təsirindən titrəyərək bu səsləri qulaq sümükcükləri vasitəsilə daxili qulağa 27 dəfə artıraraq ötürür. Bəzi əzələ qrupları ani səs yüksəkliyi olduqda qulağın zədə almasının qarşısını alaraq özünü gərginləşdirir, sümükcüklərin titrəyişinə mane olur. Uzun müddət yüksək səsə məruz qalmaq buradakı hüceyrələrin zədələnməsinə səbəb olur. Bu zədə qalıcı eşitmə itkisinə yol aça bilər. Ona görə də səsin qulaqlıq vasitəsilə deyil, xaricdən gəlməsinə üstünlük verilməlidir”.
A.Məmmədova qeyd etdi ki, qulaqlıqdan istifadə təkcə eşitmə zəifliyinə yox, həmçinin infeksiyalara da səbəb ola bilər:
“Qulaqlıqlarla qulağı tamamilə bağladığınızda içəridə qapalı mühit meydana gəlir. Bu mühitin nəmlənməsi, tərləməsi, havalanmaması göbələk və bir çox infeksiyalara səbəb ola bilər. Ən əsası, xarici qulaq kanalı infeksiyası keçirə bilərsiniz. Qulaqlarımızda uzun müddət qulaqlıq olması bakteriyaların sayının artmasına səbəb olur. Bundan əlavə, xarici qulaq kanalımızda “qulaq kiri” deyilən ifrazat var. Biz hiss etmədən bu ifrazat xaricə doğru atılır. Uzun müddət qulaqlıq taxmaq bu ifrazatın atılmasına mane olur. Nəticədə daha da içəri - qulaq pərdəsinə itələnməsinə və qulaq kiri tıxacına səbəb olur. Həmçinin qulaqlıqlarımızı başqasına verdiyimiz təqdirdə qulaq infeksiyasına yoluxma riskimiz artır”.
Audioloq bildirdi ki, balaca görünən bu alətlər həyatımızı məhv edə bilər:
“İstifadəsinin rahat olması səbəbilə üstünlük verilən naqilsiz bluetooth qulaqlıqlar düşündüyümüz qədər məsum, ziyansız deyil. Yaydıqları radiasiya və elektromaqnit dalğaları bir çox sağlamlıq probleminə səbəb olur. Bu dalğaların yaydığı maqnit sahəsi başda beyin toxuması olmaqla sinir sisteminə zərər verir. Radiasiya yayan bluetooth qulaqlıq kimi cihazların uzun müddət istifadəsi xərçəng kimi bir çox xəstəliyin yaranmasına səbəb ola bilər. İstər kanaliçi, istərsə də qulaqüstü qulaqlıqların törətdiyi fəsadlar eynidir. Qulaqüstü cihazlar qulaqiçi qulaqlıqlardan daha zərərsiz qəbul edilsə də, daima dəri ilə təmas etməsi müxtəlif bakteriya və göbələklərin inkişafına səbəb olur. Əsas da idman etdikdə tər vəzilərinin aktiv çalışması zamanı bu hal baş verir”.
A.Məmmədovanın sözlərinə görə, qulaqlıqdakı səsə və nə qədər istifadə etməyimizə diqqət etməliyik:
“110 desibeldən daha yuxarı səs səviyyəsində qulaqlıq istifadə etmək çox ziyandır. 110 desibel dedikdə gəmi, təyyarə motorunun səs səviyyəsi nəzərdə tutulur. Bu səslərə mümkün olduqca çox az məruz qalmaq lazımdır. Gündəlik eşitdiyimiz səslər insan qulağı üçün ən ideal 60-70 desibellik səs aralığında olmalıdır. Qulaq içinə qulaqlıq yerləşdirdiyimizdə bu səsi daha yüksək desibeldə eşitmiş oluruq. Kənardan eşitdiyimiz 60 desibellik səsi qulaqlıq vasitəsi ilə 80-90 desibel kimi eşidirik. Hələ xarici qulaq kanalını tamamilə qapadığımızda qulaq pərdəsi daha çox təzyiqə məruz qalmış olur. 15 dəqiqədən çox qulaqlıq istifadə etmək məsləhət görülmür. Qulaqlıqların qulağa zərər verməsinin qarşısını almaq üçün ən vacib şərtlərdən biri uzun müddət istifadədən qaçmaqdır. Bir film izlədikdə və yaxud musiqi dinlədikdə qulaqlıqsız dinləyin. Vacib olmadıqca qulaqlıqlardan istifadə etməyin. Qulaqlıq istifadə etməyə məcbursunuzsa, arada mütləq fasilə vermək lazımdır. Çalışın qulaqüstü qulaqlıqlara üstünlük verin. Qulaqlarda küy, eşitmədə azalma hiss etdikdə həkimə müraciət edin”.