Ucar sakinlərinin yol problemi NƏ VAXT HƏLL EDİLƏCƏK?

 04-01-2023

Ucar rayonunun Gəraybəyli kəndinin yolları illərdir acınacaqlı vəziyyətdədir.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri bildiriblər.

Sakinlər deyirlər ki, istər qışda, istərsə də yayda kənd yolunda hərəkət etmək mümkün deyil. Onlar Ucarın mərkəzinin yaxınlığında yaşasalar da, yolların gediş-gəliş üçün əlverişsiz olması sakinləri rayondan uzaq salır. Nəticədə hərəkət çətinləşir, mənzil başına yollananlar əlavə vaxt itkisi ilə üzləşirlər:

“Bir neçə il öncə rayon ərazisində asfaltlanma işləri görüləndə rayona çox yaxın olduğundan Gəraybəyli kəndinin yoluna da asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Amma təəssüf ki, bu işlər zamanı yenə də kəndə nə asfalt örtüyü çəkildi, nə də təmir olundu”.

Sürücülər də bildirirlər ki, bu yoldan istifadə etməkdə çox çətinlik çəkirlər. Onların sözlərinə görə, hər dəfə hərəkət edərkən avtomobillərdə texniki nasazlıqlar ortaya çıxır.

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti orqana müraciət etsələr də, müraciətlərinə cavab verən olmayıb.

Çəkiliş apardığımız zaman kənd yolunun acınacaqlı vəziyyətinin şahidi olduq. Vətəndaşları dinlədikdən sonra üz tutduq Gəraybəyli kənd bələdiyyəsinə. Bələdiyyə sədri Rəhim Rəhimov bildirdi ki, məsələ diqqət mərkəzindədir və qısa zamanda sakinlərin də iştirakı ilə aidiyyəti qurumlara rəsmi müraciət olunacaq.

Bənzər yazılar

0.15315413475037