2022-ci ilin Azərbaycanın energetika sektoruna VERDİYİ TÖHVƏ

 03-01-2023

Daha bir enerji ilə dolu ili yola saldıq. Vida etdiyimiz 2022-ci il dünyada və Azərbaycanda həyata keçirilən bir sıra layihələr və yeniliklərlə yadda qaldı.

Bu səbəbdən “Report” 2022-ci ilin enerji sektorunda – neft, qaz və bərpa olunan enerji sahələrində baş verən mühüm hadisələri oxucularına yenidən yada salmaq, xatırlatmaq imkanı yaradıb.

Qlobal enerji böhranı və “yaşıl enerji”yə keçid

Post-pandemiya dövründə dünya iqtisadiyyatının bərpası ilə əlaqədar olaraq enerji daşıyıcılarına tələbatın kəskin artması onun dəfələrlə bahalaşmasına gətirib çıxardı. Ötən ilin əvvəlində isə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyada enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasını daha da dərinləşdirdi. Belə ki, müharibə səbəbindən Rusiyaya qarşı sanksiyalar çərçivəsində əksər idxalçılar bu ölkədən kömür, neft, neft məhsulları, həmçinin təbii qaz alışını dayandırdı. Yaranmış boşluğu tək ənənəvi enerji mənbələri hesabına aradan qaldırmaq mümkün olmadığından, Avropa İttifaqı (Aİ) üçün yeni “yaşıl enerji” doktrinası heç zaman olmadığı qədər böyük aktuallıq qazandı.

Nəticədə, 2022-ci ilin mart ayından sonra Aİ-də bərpa olunan enerji mənbələrinin istehsalı rekord həddə çatıb. Belə ki, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 2022-ci ildə Avropada külək və günəşdən alınan enerjinin həcmi 21% artdı.

Bununla paralel olaraq, Avropa “yaşıl enerji” sayəsində digər ölkələrlə əməkdaşlığı genişləndirməyə başlayıb. Azərbaycan da bir sıra Avropa ölkələri ilə bərpa olunan enerji sahəsində yeni mühüm müqavilələr imzalayıb.

Belə ki, Azərbaycan Rumıniyada “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıb. İmzalanma mərasimində Prezident İlham Əliyev Azərbaycanın Avropaya digər enerji körpüsünü salmağa başladığını bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır.

Qeyd edək ki, hazırda Azərbaycanın bərpa olunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Prezident qeyd edib ki, ölkənin strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80%-i ixrac olunacaq: “Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.

Şuşada gələcəyə saçacaq “Şəfəq”in ilk parıltısı

“Yaşıl enerji”dən söz açılmışkən xatırladaq ki, 2022-ci ildə Azərbaycan “yaşıl enerji” sahəsində böyük işlər görüb. Belə ki, il başlar-başlamaz, Azərbaycanda yeni 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu külək elektrik stansiyası Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyacaq və illik təxminən 1 milyard kVt/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

Bu layihənin icrası ilə bağlı Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

İlin ortalarında Azərbaycanda baş tutan ən maraqlı enerji tədbirlərindən biri də Bakı Enerji Həftəsi çərçivəsində 28 il sonra düşmən işğalından azad edilən Şuşa şəhərində baş tutub. Şuşada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında Azərbaycanda texniki və maliyyə cəhətdən mümkün olan aşağı karbonlu enerji layihələrinin birgə işlənməsi potensialının müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq haqqında Saziş imzalandı.

Bundan başqa, yenə də Şuşada Energetika Nazirliyi və BP arasında işğaldan azad edilmiş Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu sənəd “Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Yeni müqavilələr və ümidlər

Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrin neft-qaz şirkətləri ilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində də əməkdaşlığı genişləndirir. Belə ki, SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırmağa başlayıb.

SOCAR ilə Qazaxıstanın “QazaqGaz” şirkəti arasında isə Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.


Yeri gəlmişkən, ötən il ərzində SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində də yeni müqavilələr imzalayıb. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndirilir və inşa olunur. SOCAR və “Axens” şirkəti arasında katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələri imzalanıb.

2022-ci ilin əvvəlində Rusiyanın “LUKOYL” neft-qaz şirkəti artıq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində 25% iştirak payının sahibi oldu. Bu payı Rusiya şirkəti BP-dən alıb, Britaniya şirkəti özündə 25%-lik pay saxlayıb. Hazırda AYDH sazişində ən çox pay - 50% SOCAR-a məxsusdur.

İlin sonunda “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq blokunun Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə sahəsindəki daimi yerinə yola salınıb, mərasimdə Prezident İlham Əliyev iştirak edib.

Azərbaycan və OPEC əməkdaşlığı

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları (“OPEC+”) neft istehsalı sazişi üzrə əməkdaşlığı 2022-ci ildə də davam etdirib. Ötən ilin əvvəlində Azərbaycan üçün müəyyən edilmiş gündəlik neft hasilatı kvotası 661 min barel idisə, il ərzində keçirilən 9 iclasdan sonra ölkəmiz üçün bu rəqəm gündəlik olaraq 684 min barel təşkil edib. Bununla da il ərzində “OPEC+” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 23 min barel və ya 3,5% artıb.


OPEC-dən söz düşmüşkən, iyulda dünya neft-qaz cameəsində böyük itki baş verdi. Dəfələrlə Azərbaycanda olmuş OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo vəfat edib. Onun ölümündən sonra kartelin baş katibi küveytli neft eksperti Haytam al-Qais təyin olunub.

Qazımız daha bir neçə Avropa ölkəsinə göndərildi

Ölkədə “Yaşıl enerji” sektorunun inkişaf etdirilməsinə baxmayaraq, Azərbaycan üçün əsas prioritet sahə ənənəvi enerji mənbələri olaraq qalır. Azərbaycan bu gün nəinki qonşu ölkələrdə, hətta artıq Avropa və dünyada neft və qaz ixracatçısı kimi tanınır.

Təbii qazdan söz düşmüşkən, ilin mühüm hadisələrindən biri Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu imzalanması olub. Belə ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını nəzərdə tutur. Sənədə əsasən, 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına təbii qaz ixracı hər il ən azı 20 milyard kubmetrə çatdırılacaq.


Ötən ilin digər mühüm hadisələrindən biri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulması oldu. Oktyabrın 1-dən IGB işə salındıqdan sonra Bolqarıstana razılaşdırılmış 1 milyard kubmetr qaz həcmlərinin tədarükünə başlanıldı. Sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq ki, bu da interkonnektorun hazırkı gücünə uyğundur.

Bu arada, Azərbaycandan İtaliyaya təbii qaz nəql edən TAP kəməri Əlcəzairdən sonra ölkənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib. İtaliyaya ilin sonuna kimi 9 milyard kubmetrdən çox təbii qaz nəqli planlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 2,5 milyard kubmetr çoxdur.

Azərbaycandan qaz alıcılarının sayı artır

Azərbaycan qazının alıcıları günü-güdən çoxalmaqda davam edir. Artıq ötən il Serbiya Azərbaycandan qaz almaq üçün Bolqarıstandan yeni boru kəmərinin inşasına başladı, interkonnektorun tikintisini 2023-cü ilin dördüncü rübündə başa çatdırmaq planlaşdırılır. Bu səbəbdən də Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Serbiya boru kəməri inşa etdiyi bir dövrdə Moldova onları qabaqladı. Moldova artıq İGB kəməri ilə illik 300 milyon kubmetr Azərbaycan qazı almağa başladı.

İlin son ayında isə SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında qaz tədarükünə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın İGB vasitəsilə nəqlinə başlanılıb. Bu il aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetrə qədər Azərbaycan qazı tədarük ediləcək.


Türkiyədə qaz habı yaradılır

2022-ci il ən yadda qalan hadisələrindən biri də Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə qaz habının yaradılması ilə bağlı təklif verməsi olub. İlk olaraq Azərbaycan Türkiyədə qaz habının yaradılmasını dəstəklədi və təxirə salmadan təbii qaz qovşağının yaradılması ilə bağlı danışıqlara başlayıb.

Bu arada, Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən Avropaya nəqlini bərpa etmək haqqında düşünməyə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Avropaya nəqlini bərpa etmək istəyir və bu mövzunu Türkmənistan və Azərbaycan ilə danışıqlarda müzakirə etməyi planlaşdırır.

Artıq 2022-ci ilin noyabr ayından başlayaraq rəsmi Ankara Türkmənistan qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu açıqladı.

Ötən ilin martında məlum oldu ki, SOCAR Türkiyənin Batman şəhərində neft axtaracaq. Türkiyə və Azərbaycan arasında imzalanmış Neft Ehtiyatları Müqaviləsinə uyğun olaraq, SOCAR-ın Kompleks Qazma İşləri Tresti və “Türkiyə Petrolleri” (TPAO) şirkəti əməkdaşlıq etməyə başlayıb.

SOCAR-da yeni rəhbər

Ötən ilin ən yadda qalan hadisələrindən biri də SOCAR rəhbərliyinin dəyişdirilməsi olub. Prezident İlham Əliyevin Sərəncamı ilə fevralın 10-da 17 il ərzində Dövlət Neft Şirkətinə rəhbərlik etmiş Rövnəq Abdullayev vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin edilib. Əvəzində Prezidentin digər sərəncamı ilə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti təyin olunub. R.Nəcəf iyulun 21-dən isə artıq SOCAR-ın prezidenti vəzifəsində çalışır.

İlin ikinci ayında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib. Artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

Azərbaycanın karbon kreditlərindən ilk qazancı

Ötən ilin ortalarında SOCAR ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların Norveçin “Carbon Limits” şirkəti vasitəsilə sertifikatlaşdırılmasını həyata keçirib.

Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14 500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib.

SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir.

Qeyd: Bütün yuxarıda qeyd edilənlər hələ 2022-ci il ərzində Azərbaycanda və dünyada baş verən bütün neft-qaz və enerji məsələləri deyil. Bu, bizim xatırladığımız və sizə xatırlada bildiklərimizdir. Ancaq bütün bunlarla bərabər bir şeyə tam əminik. Əminliyimiz isə odur ki, 2023-cü il daha maraqlı olacaq, neft-qaz və enerji hadisələri ilə zəngin olacaq. Bir sözlə, bu il daha enerjili olacaq.

Bənzər yazılar

0.14087510108948