Ötən illər ərzində Azərbaycanda dövlət vəsaitinin mənimsənilməsini önləmək məqsədilə korrupsiya ilə mübarizə çərçivəsində ciddi tədbirlər həyata keçirildi. Bir neçə ildir davam edən prosesin ən parlaq nümunələrindən birini, nəhayət, Naxçıvanda müşahidə etdik.
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi təmizləmə əməliyyatı hesabına külli miqdarda yeyinti faktları aşkarlandı. Bunun nəticəsində muxtar respublikada struktur və kadr dəyişikliklərini müşahidə etdik. Belə ki, Naxçıvanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi ləğv edilərək yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı. Ardınca isə Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verdi və Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradıldı. Hazırda mövcud dəyişikliklər fonunda Naxçıvanda iqtisadiyyatın canlanacağı və əhalinin bölgəyə qayıtmasının təmin ediləcəyi proqnozlaşdırılır.
Maraqlıdır, Naxçıvanda hansı istiqamətlərdə investisiya qoyulmasını canlandırmaq olar və hansı sahələrdə buna xüsusi ehtiyac var?
Mövzu barədə Oxu.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Naxçıvanda bütün istiqamətlərdə perspektivlər var:
“Naxçıvanın münbit torpağı var ki, həmin torpağın böyük bir hissəsi suvarılan ərazidədir, ona görə də orada kənd təsərrüfatını inkişaf etdirmək olar. Həmçinin Naxçıvanda turizm sahəsində də geniş imkanlar mövcuddur, çünki çoxlu görməli yerləri, duz mağaraları, istirahət mərkəzləri var. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Naxçıvan Türkiyə və İranla sərhəddə yerləşir. Həmin həmsərhəd ərazilərdə azad iqtisadi zonalar təşkil etmək olar. Bu, sərhədyanı ölkələrlə biznesin, ticarətin inkişafına şərait yaradar. Digər tərəfdən, Naxçıvanda avtomobil istehsalına başlanmışdı, hazırda bu istiqamətdə vəziyyətin necə olduğunu bilmirəm. Amma oraya da diqqət ayırmaq olar”.
Ekspert Naxçıvanda sənaye vərdişləri olduğu üçün o sahəni inkişaf etdirməyin üstünlüklərindən də danışıb:
“Ümumiyyətlə, Naxçıvan Azərbaycanın bir parçasıdır və burada xarakterik məsələlər çoxdur. Hətta Naxçıvanın digər Azərbaycan bölgələrindən bəzi üstünlükləri var. Məsələn, orada mineral sular çıxır. Mineral suların qablaşdırılması və dünya bazarına çıxarılması məsələsi ortaya qoyula bilər. Həmçinin xidmət sahələrini inkişaf etdirmək mümkündür. Yetər ki, Naxçıvanda vətəndaşlara, sahibkarlara azadlıq verilsin, insanların işlərinə mane olunmasın.
Naxçıvan camaatı əməksevər və yaradıcıdır. Ticarət səriştələri var. Bütün sahələrdə Naxçıvan Azərbaycanın öndə gedən bölgəsi olub. Elə indi də Naxçıvan əhalisi öncüldür, amma çox təəssüf ki, həmin insanlar Naxçıvanda yox, digər ərazilərdədirlər. Ona görə də hesab edirəm ki, ilk növbədə bu muxtar respublikada sahibkarlara azadlıq verilməli, onlar Talıbovun xofunun üzərlərindən götürüldüyünü hiss etməlidirlər. Xof götürüləndən sonra istər-istəməz insanlar bu sahədə fəaliyyət göstərməyə maraqlı olacaqlar. Üstəlik, dövlət buna maddi və hüquqi dəstək versə, inkişaf sürətlə davam edəcək”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki, Naxçıvan sərmayənin yönəldilməsi baxımından kifayət qədər cəlbedici iqtisadi rayondur:
“Çünki muxtar respublikanın istehsal və ixrac imkanları var, təbii ehtiyatları çoxdur. Naxçıvanın Türkiyə və İranla sərhəd olması qonşu ölkələrdə tələb olunan bir sıra məhsullar üçün ixrac imkanları deməkdir.
Etiraf etmək lazımdır ki, bu gün Naxçıvanda xidmət sektoru, o cümlədən turizm sektoru güclü inkişaf etməyib. Ancaq həm xidmət sektorunda, həm də turizmdə imkanları genişdir, potensialı böyükdür, sadəcə olaraq, bu potensialdan tam istifadə olunmayıb, ona görə də xidmət sektoruna, eləcə də turizmə daha çox sərmayənin cəlb edilməsi imkanları var. Birmənalı şəkildə bu sektorlara investisiyanın yönəldilməsi nəticədə həmin sektorlarda istehsalın artmasına, yeni məhsulların yaradılmasına imkan verəcək”.
Millət vəkilinin sözlərinə görə, digər mühüm istiqamətlərdən biri emaledici sənayedir:
“Burada təbii ehtiyatların olduğunu nəzərə alsaq, bu ehtiyatlara əsaslanan sənaye məhsullarının, eləcə də qida məhsullarının istehsalının genişləndirilməsi mümkündür. Çünki Naxçıvan həm də aqrar potensiala malikdir. Bu imkan verir ki, qida məhsulları üzrə emal sənayesi formalaşdırılsın.
Potensial nəqliyyat-logistika da, xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra, böyük sərmayə yönəldiləcək bir sektordur. Naxçıvan bu gün sərmayənin cəlb edilməsi baxımından kifayət qədər imkanlara malikdir. Sərmayənin cəlb edilməsi Naxçıvanda həm də yeni iş yerlərinin yaradılmasına, rəqabətin gücləndirilməsinə və sahibkarlığın inkişafına imkan yaradacaq. O baxımdan, bu gün potensialı böyük olan, amma güclü inkişaf etməmiş sektorlara investisiya qoyulması Naxçıvan iqtisadiyyatında xüsusi artımın əldə edilməsinə gətirib çıxaracaq”.
Sayad Həsənli