İlin iqtisadi YEKUNU: Qarabağın dirçəlişi, kadr islahatları, artan qaz ixracı, dəhlizlərdə olan GÖZLƏR

 29-12-2022

2022-ci il başa çatmaq üzrədir. Cari ildə, demək olar ki, bütün arenalarda əsaslı dəyişikliklərin şahidi olduq. Xüsusilə siyasi və iqtisadi sahədə atılan addımlar Azərbaycanı regionda yaranan yeni düzəndə əsas rol sahibi olan aktorlardan birinə çevirdi. Təkcə büdcədə üç milyard civarında profisitin yaranması 2022-ci ilin Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər qazanclı olduğunu sübut edir. 

Milletinsesi.info xəbər verir ki, il ərzində daxili və xarici iqtisadi siyasətdə bir sıra mühüm addımlar atılıb. Ölkədə infrastrukturun müasirləşdirilməsi, Qarabağda yenidənqurma və bərpa, əhalinin sosial rifahının yaxşılaşdırılması, insan kapitalının inkişafı və sair məsələlər bu gün daxili iqtisadi siyasətin əsas prioritetləridir.

Daxili iqtisadi siyasətin ən mühüm hadisələrindən biri Prezident İlham Əliyevin iyulun 22-də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması olub. Dövlət başçısının noyabrın 17-də imzaladığı sərəncamla isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib.

Artıq bir neçə ildir davam edən kadr islahatlarının Gömrük Komitəsi və Mərkəzi Banka sıçraması gözləntiləri artırdı. Belə ki, bu il Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri, Səfər Mehdiyev isə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildilər. 

2022-ci ildə daxili iqtisadi siyasətin ən uğurlu təcəssümü oktyabrın 20-də 27 il işğal altında qalan və bütün tikililəri tamamilə məhv edilən Zəngilan rayonunda Zəngilan Beynəlxalq Hava Limanının açılması hesab edilə bilər. 

Xarici iqtisadi siyasətlə bağlı isə ilk olaraq yanvarın 14-də Kiyevdə hökumətlər arasında geniş tərkibdə görüşün keçirilməsinə diqqət çəkə bilərik. Bu görüş çərçivəsində Azərbaycan və  Ukrayna arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” və “Aqrar sahədə əməkdaşlıq haqqında” anlaşma memorandumları imzalandı. Lakin sonradan Rusiya-Ukrayna müharibəsinin başlaması və Ukrayna infrastrukturunun məhv edilməsi memorandumların effektivliyini bir qədər ləngitdi.

Ancaq çox keçmədən Azərbaycan iqtisadi potensialını genişləndirmək istiqamətində mühüm bir prosesə ev sahibliyi etdi. Belə ki, fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda nazirlərin VIII toplantısı baş tutdu. Həmin iclasda Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə etdilər. Uzunmüddətli enerji təhlükəsizliyi və “yaşıl” enerjiyə keçid istiqamətində vacib əhəmiyyətə malik olan bu tədbirdə Avropa İttifaqı Azərbaycandan daha çox qaz almaq arzusunu, Azərbaycan isə bu həcmləri verəcəyini diqqətə çatdırdı.

Azərbaycanın iqtisadi siyasətində əsas tərəfdaşlarından olan Avropa İttifaqı ilə memorandum imzalaması isə iyulun 18-nə təsadüf etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin imzaladıqları Anlaşma Memorandumu “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” oldu.

“Yaşıl” enerjiyə keçidlə bağlı ən vacib addımlardan biri isə ilin sonunda - dekabrın 17-də Buxarestdə atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. 

Aprel ayında xarici iqtisadi əlaqələr Qırğızıstanla möhkəmləndirildi. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.

Ancaq 2022-ci ildə bu iki türk dövləti sadəcə bəyannamə ilə kifayətlənmədi. Belə ki, oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında keçirilən Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandı. Hazırda da sözügedən dövlətlər arasında dövlətin iqtisadi, ticari, nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində əlaqələr sürətlə gücləndirilir.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya türk dövlətləri ilə əlaqələrə daim xüsusi diqqət göstərilib. Elə bu səbəbdəndir ki, iyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”yə imza atılıb.  

Noyabrın 11-də isə Səmərqənd şəhərində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai  Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan  “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzalayıblar. 

2022-ci il digər bir Mərkəzi Asiya ölkəsi olan Türkmənistanla da əlaqələrin sıxlaşdırılması baxımından önəmli hesab edilə bilər. Dekabrın 14-də bu türk dövləti ilə “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş” Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muşun iştirakı ilə imzalanıb. 

İlin ikinci yarısından etibarən siyasi arenada İranla Azərbaycan arasında gərginliyin pik həddə çatmasına, cənub qonşumuzun Zəngəzur dəhlizinin açılmaması üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq, 2022-ci ildə Azərbaycanın İranla da iqtisadi sahədə əməkdaşlığının şahidi olduq. Martın 11-də Azərbaycanla İran arasında “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı. Sentyabrın 9-da isə Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə birgə tədbir keçirildi və tədbirdə nəqliyyat dəhlizinin inkişafına dair üç ölkə arasında Bakı Bəyannaməsi imzalandı.

Azərbaycanın qısa zamanda iqtisadi tərəfdaş kimi qazandığı ölkələr sırasında Serbiya da yer alır. Noyabrın 23-də Belqradda “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi” imzalanıb.

Növbəti ildən gözləntilərə gəldikdə isə 2023-cü ilin təsdiq olunmuş büdcəsinə əsasən, qeyd edə bilərik ki, əməkhaqqının təxminən 10 faizdən çox artacağı planlaşdırılır. Pensiyalar isə yanvarın 1-dən etibarən 15 faiz indeksasiya olunacaq. Ümumiyyətlə, Azərbaycanda pensiyalar illik orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksasiya olunur. 

Həmçinin 2023-cü ildən əcnəbilər və ya vətəndaşlığı olmayanlar üçün qanun sadələşdirilir. Belə ki, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə uyğun olaraq, onlara Azərbaycandakı İT şirkətlərdə işləmələri üçün iş icazəsi lazım olmayacaq. Bundan əlavə, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə əcnəbilər Azərbaycanda məcburi dövlət sosial sığorta haqqı ödəməyəcəklər.

Sayad Həsənli

Bənzər yazılar

0.14338803291321