Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Agentlikdən verilən məlumata görə, konfrans zalında təşkil olunan tədbirdə “SmartDom” MMC, “Qismət – M House” MMC, “VİALON” MMC və “Kristal Bakı” ASC şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.
Agentlik rəsmiləri tərəfindən bildirilib ki, layihələrə ekspertiza rəyi verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.
Tədbirdə tikinti və infrastruktur layihələrinin icrası zamanı təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin və yaşıllıq balansının qorunub saxlanılmasının xüsusi əhəmiyyəti qeyd olunub, eyni zamanda bənzər layihələrdə tətbiq olunan təcrübə barədə fikir mübadiləsi aparılıb və qarşıya çıxan problemlərdən danışılıb.
Təqdimat edilən layihələrdən olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı gölün şimal-qərb hissəsində inşa olunacaq və böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksi diqqəti çəkib. Belə ki, kompleksin tərkibində 6 hektarlıq “Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək. Ekspertlər bu layihənin Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərəcəyi qənaətinə gəlib.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sahibkarlar və ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.