Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.
Milletinsesi.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin 5 illik fəaliyyəti dövrü ərzində sahibkarlara göstərilmiş xidmətlər və dəstək tədbirləri, eləcə də 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verərək, ötən 5 ildə Agentliyin işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə müvafiq qurumlara təşəkkür edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.
Tədbirdə rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatı 2022-ci ildə uğur qazanmış sahibkarlara “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, "Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti", “KOB-ları dəstəkləyən bank”, "Fəal ixracatçı şirkət", “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və "Gənc sahibkar" nominasiyaları üzrə təqdim olunub. Mükafatları sahibkarlara müvafiq dövlət qurumlarının rəhbərləri təqdim ediblər. Qeyd edək ki, mükafat sahibkarlara bu il ilk dəfə təqdim olunub. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.
Tədbirdə həmçinin, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasına və KOBİA-nın 5 illik fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunub.
Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorlar “Embawood” və “İmprotex Group”dur.