Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Meyvəli” MMC-yə (VÖEN- 1401353861) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının yanvar ayının 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyilə keçiriləcəyi bildirilir.
Məhkəmə iddiasının lizinq müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi lizinq müqaviləsi üzrə mübahisələr ilə əlaqədar olaraq “Meyvəli” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində də məhkəmə iddiası qaldırmışdı.
Məlumat üçün bildirək ki, paytaxtın Lökbatan qəsəbəsi ərazisində (Xocəsən yolu, ev 57) fəlaiyyət göstərən və ölkənin topdan və pərakəndə meyvə-tərəvəz satışının həyata keçirildiyi ən böyük bazarlarından biri olan “Meyvəli bazar” “Meyvəli” MMC-yə məxsusdur.
Nizamnamə kapitalı 500 manat olan “Meyvəli” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Qocayev Əbülfət Novruz oğludur.
Qeyd edək ki, Qocayev Əbülfət Novruz oğlu 2016-cı ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunub. 2018-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ləğv olunub və onun yerində “Aqrar tədarük və təchizat” ASC yaradılıb. 2020-ci ilin mart ayından etibarən “Aqrar tədarük və təchizat” ASC-yə Aqil Quliyev rəhbərlik edir.
Mənbə Yeniavaz.com