Anar Bayramov: “37 180 nəfərə təkrar əlillik təyin edilib”

 27-12-2022

“19 520 nəfərə ilkin əlillik təyin edilib, 37 180 nəfərə isə təkrar əlillik təyin edilib”.

Milletinsesi.info xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, 1 iyula qədər qüvvədə olan qanunvericiliyə əsasən dərəcələr bölgüsü ilə təyinatların 6,3 faizinə birinci dərəcəli əlillik təyin edilib.

Agentlik sədri qeyd edib ki, cari ildə əlillik dərəcəsi alan 56 min 700 nəfərin 45,3 faizinə əlillik dərəcəsi müddətsiz təyin edilib.

O bildirib ki, həmin vətəndaşların xəstəlikləri sağalmaz, reabilitasiya potensialı aşağı olduğundan müddətsiz təyin edilməsinə qərar verilib: “Onlardan 31 faizinə 5 il müddətinə, 9 faizinə 3 il müddətinə, 8,7 faizinə 2 il müddətinə, cəmi 2,8 faizinə meyarlara uyğun olaraq 1 il müddətinə əlillik təyinatı aparılıb.

44 günlük Vətən müharibəsindən sonra agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib”.

Agentlik sədri bildirib ki, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə təmin ediliblər: “Bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub”.

Eyni zamanda son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açıldığı qeyd edilib.

A.Bayramov bildirib ki, aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

Bənzər yazılar

0.14076113700867