Qərbi Azərbaycana qayıdışın SƏDASI: Tarixi ədalət ikinci dəfə BƏRPA OLUNUR? 

 26-12-2022

“Prezidentin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü bir çox maraqlı məqamlarla yadda qaldı. Həmin təşkilat “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adlanırdı, ancaq cari ilin avqust ayında artıq Qərbi Azərbaycan İcmasına çevrildi. Bunların hamısının rəmzi mənası var. Bilinməlidir ki, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq”.

Bu sözləri Milletinsesi.info-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili qeyd edib ki, yeni dünya düzəni qurulur və bu siyasi mənzərədə Azərbaycan xüsusi çəkiyə malik dövlətlərdən biridir:

“Xalqımızın tarixi yaddaşı güclüdür. Bizim bu yaddaşımız doğma torpağa olan sevgimizi, inamımızı həmişə qoruyub-saxlayıb. Biz işğaldan azad olunmuş bölgələrimizə qayıtmaqla bağlı xüsusi dövlət proqramı qəbul etmişik. Ağalı kəndi gördüyümüz işlərin kiçik bir nümunəsidir. O kəndimizdə “ağıllı kənd” konsepsiyası işləyir və digər şəhər və rayonlarımızın bir çoxunda da belə nümunələr olacaq. Keçmişdə baş verən ədalətsiz yanaşmalar nəticəsində insanlarımızın soyqırımına məruz qalmaları, öz dədə-baba yurdlarından didərgin düşmələri və bunlara rəğmən Azərbaycanın güclənməsi, hətta heç vaxt olmadığı qədər dünyanın güclü dövlətlərindən birinə çevrilməsi reallıqdır. Bütün bunlar Prezidentin xalqımızın bütün yerlərdə hərtərəfli inkişafı üçün atdığı addımların nəticəsidir”.

Müsahibimiz bildirib ki, Qərbi Azərbaycan bizim torpağımızdır, bunu tarixi sənədlər və xəritələr təsdiqləyir:

“Həmin torpaqların hər qarışı bizə məxsusdur. Gələcək zamanlarda biz Qərbi Azərbaycana qayıdacağıq. Prosesləri çox məntiqlə və sürətlə aparırıq. Keçmişdə baş verən qanlı hadisələr insanımızın genetik koduna təsir göstərməyib. Hər bir Qərbi azərbaycanlı öz kəndini, hətta öz küçəsini, evini çox yaxşı xatırlayır. Bunlar hər bir azərbaycanlının yaddaşındadır. Bizim yurdumuza qayıtmağımız üçün böyük stimul var. Dövlət başçısı icma nümayəndələri ilə görüşdə bütün bu məsələlərə toxundu və qeyd etdi ki, tarixdəki bu ədalətsizlik bərpa olunmalıdır. Tarix bir çox məsələləri unutmur. Müasir Azərbaycanın güclənməsi bizim gələcəkdə həmin torpaqlarda olmağımıza, yaşamağımıza gətirib çıxaracaq. Tarixi ədalətin bərpa edilməli olduğunu biz Vətən müharibəsində də göstərdik”. 

Sayad Həsənli

Bənzər yazılar

0.13974905014038