Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, həmçinin digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.
Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Qoşunlarda keçirilən təlimləri və hazırlıq kurslarını müsbət qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah və texnikanın imkanlarının öyrənilməsi və Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.
Bölmələrin maddi-texniki və tibbi təminatının gücləndirilməsi, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müdafiə naziri, həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.