Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən evi basqına məruz qalan, qapısı dağıdılan 1-ci qrup əlil Zaur Seyidzadə icra hakimiyyətini məhkəməyə verib. Dünən məhkəmə prosesi keçirilsə də, icra hakimiyyətindən heç bir nümayəndə prosesdə iştirak etməyib. Məhkəmə müvəqqəti hərəkətlərdən müdafiə tədbiri barədə qərardad qəbul edib. Həmin qərardada əsasən, Zaur Seyidzadənin iddiasına baxılanadək ev qapı ilə təmin oluna bilər. İcra Hakimiyyətinin məhkəmədən yayınması, iştirak etməməsi, onların hər yerə lom-kürəklə girə bilməyəcəyinin göstəricisidir.
Məhkəmə prosesində iştirak edən Zaur Seyidzadə Bizimyol.info-ya fikirlərini deyib: “Mən məzildə yenidənqurma işlərinin aparılması ilə bağlı məhkəməyə iddia vermişəm. Beləliklə, İcra hakimiyyətinin üzərinə öhdəlik düşür ki, məhkəmə qərarı əsasında evimin qapısının açılmasına sərəncam verilsin. Bu məsələyə baxılanadək mən qapı qoya bilər, o qapıdan sərbəst şəkildə istifadə edə bilərəm. İcra hakimiyyəti və digər orqanlar bundan sonra mənə, evimə müdaxilə edə bilməzlər.
Qərardad dünən qəbul olunsa da, növbəti həftə bu barədə mənə rəsmi sənəd təhvil veriləcək. Qərar artıq qüvvəyə minib, sadəcə, texniki məsələlərdən dolayı sənəd həmin gün təqdim edilməyib. İcra hakimiyyəti nümayəndələrindən kiminsə məhkəmə prosesində iştirak etməməsi, onların bir daha qanunsuz əməl törətdiklərini və əməllərinin arxasında dura bilmədiklərini göstərir. Mənə göndərdikləri məktubda “qanunsuz” sözünü az qala gözümüzə soxurdular. Amma orda heç bir maddə qeyd etməmişdilər.
Çünki bu adamların qanundan, maddədən anlayışı yoxdur. Onlar məhkəmə nədir, qanun necə olur, harda yazılır, maddə nəyə deyilir, bilmirlər. Bu cinayətkar dəstənin işi ancaq onun-bunun evinə lom-kürəklə soxulub dağıtmaqdan ibarətdir. Ancaq məhkəmə zalı lom-kürəklə giriləcək yer olmadığından, ora gələ bilmədilər. Növbəti məhkəmə prosesi may ayının 24-dür. Bir hüquqşünas kimi deyə bilərəm ki, qanun yüz faiz mənim tərəfimdədir. Əgər mənim tərəfimdə olmasaydı, dünənki qərardad da qəbul olunmazdı".
Zaur Seyidzadə daha sonra qeyd edib ki, evinə qapı qoyması ilə bağlı qanunda heç bir qadağa yoxdur: "Məhkəmənin etiraz səlahiyyəti də var idi, amma etiraz etmədi və qapı qoyulması ilə bağlı qərar verdi. Hətta icra hakimiyyətinin nümayəndəsi gəlib o qərara etiraz da edə bilərdi. Ancaq başa düşürlər ki, bu, əsassızdır, ona görə də heç iştirak etmədilər. Özlərini pis vəziyyətdə qoymaq istəmirlər. Onsuz da kifayət qədər özlərini biabr ediblər. Onu da qeyd etmək istəyirəm ki, mənim evimə qapı qoymağımla bağlı birbaşa qadağa yoxdur. Sadəcə, belə deyək, guya ki, mən icra hakimiyyətinə yazılı müraciət etməli idim, hansı ki, bu da bir bəhanə idi. Mənzil Məcəlləsinin 20-ci maddəsində qeyd olunur - icra hakimiyyətinin funkiyasına aiddir ki, vətəndaş üçün ağlabatan şəraiti yaratsın. Mən onların siyahısında, ərazisində olan adamam. Özləri gəlib, soruşmalı idi ki, mənim nəyə ehtiyacım var, nə köməklik edə bilərlər? Amma mən bütün bunları öz gücümə edirəm. Onlar mənə maneolurlarsa, bu da bir qanunsuzluqdur”,- deyə, Zaur Seyidzadə məhkəmə prosesindən sonra redaksiyamıza bildirib.
Qeyd edək ki, Zaur Seyidzadənin evinə heç bir məhkəmə icazəsi olmadan daxil olub, Onun ailə üzvlərini incidən, evinin qapısını “qanunsuz” adı ilə söküb-dağıdan Yasamal rayonu İcra Hakimiyyəti məhkəmədə iştirak etməyib.
Xatırladaq ki, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Elşad Həsənovdur.
Müəllif Mətin Şükürlü
Mənbə Bizimyol.info