Tərtərdə Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) sektor müdiri Elmar Yaqubov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsi zamanı erməni terroru nəticəsində dağılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi üçün ƏMDX Tərtər rayonunda səyyar qeydiyyat xidmətləri göstərir.
Səyyar xidmətdən rayon üzrə 70 nəfər yararlanıb. Bu günə kimi isə mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış sahələrinin sayı 639-dur.
Səyyar xidmətin göstərilməsində məqsəd, vətəndaşların heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edə bilmələridir.
Bütün bunlar vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına xidmət edir.
Sektor müdiri onu da qeyd edib ki, xidmətin rəsmi saytında “Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2022-ci il tarixli 1656 nömrəli Fərmanının əhatə etdiyi şəxslərin adlı siyahısı” adlı panel yerləşdirilib. Paneldə adıçəkilən Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, şəxslərin adı qeyd olunub.
Qeyd edək ki, dövlət başçısı “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tapşırıqlar verib.