Bir neçə zamandır ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi Kamran Əliyevin qanunsuzluqları ilə üzləşən “ALİ-FARM” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru İlqar Orucovun şikayətləri nəticəsiz qalmaqdadır.
Qeyd edək ki, bir neçə gün əvvəl Gununsesi.info “Gömrüyün idarə rəisininin iş adamından qanunsuz tələbi var – Nə malımı buraxırlar, nə də saxlanca verirlər” başlıqlı şikayət dərc etmişdi.
Bu şikayətdən sonra iş adamı Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli tədbir barədə müraciət edib.
Məhkəmə də bu müraciəti nəzərə alaraq, ona məxus malların müvvəqqəti saxlanc yerinə verilməsinə dair qərar çıxarıb.
Gömrük Komitəsinin növbəti bir qanunsuzluğu isə məhkəmə qərarını icra etməməsidir.
Bildirək ki, iş adamına məxsus malların hər gün orada yük maşınında saxlanması üçün 150 dollar pul yazılır. Gömrük orqanı da bunu başa düşdüyündən vaxtı uzadır ki, sahibkar zərər düşüb, onlara təslim olsun.
Problemlə bağlı sahibkar Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova şikayət məktubu yazıb.
Gununsesi.info -ya təqdim olunan həmin məktubu olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasında qeydiyyatda olan “ALI-FARM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 3103786401) ilə Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “Pharma İLAÇ SAN.VE.TİC.LTD.” şirkəti arasında 01.01.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına qida əlavələrindən ibarət mallar gətirilmişdir. Belə ki, ümumi dəyəri 27459 ABŞ dolları olan mallar ölkəyə idxal olunmuş, lakin Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi Əliyev Kamran Hafiz oğlu tərəfindən həmin malların invoys dəyərinin (maya dəyərinin) düzgün olmaması, bu səbəbdən də bəyannamədə düzəliş edilməsi, gömrük bəyannaməsində idxal qiymətlərinin 73.000 ABŞ dolları kimi göstərilməsi (bəyan edilməsini) tələb olunmuşdur. Mən buna etiraz etmişəm və bu özbaşınalıqla mübarizə aparmaqdayam və hüquqlarım kobud şəkildə pozulmaqdadır.
Bu məsələ ilə əlaqədar daha əvvəl sizə yazılı şikayətim olmuş, bundan sonra Zaur Bağırov məni yanına çağıraraq məsələni həll edəcəyini (malları invoys dəyəri ilə rəsmiləşdirib buraxılmasını təmin edəcəyini) bildirmiş, lakin verdiyi sözü yerinə yetirməmişdir.
24 fevral 2022-ci il tarixindən bu günə qədər mallarımız “MAKAROĞLU LOGİSTİCS” daşınma (logistika) şirkətinin “08-AG-877” qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsində qalır və hər gün üçün biz 150 ABŞ dolları məbləğində boşdayanma haqqı ödəyirik. Biz 01.03.2022-ci il tarixində ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etdik və malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair yazılı bildirişin verilməsini xahiş etdik. Buna baxmayaraq yazılı bildiriş bu günə qədər bizə verilməmişdir.
10 mart 2022-ci il tarixində yeni ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”na uyğun malların müvəqqəti saxlanca verilməsini xahiş etdik ki, gündəlik 150 ABŞ dolları boşayanma haqqı ödəməyək. Buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi Əliyev Kamran Hafiz oğlu öz hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə almadığını, mallar onun dediyi qiymətlərlə bəyan olunmayana qədər onların nə buraxılmasına, nə də saxlanca verilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirdi. Bundan sonra biz məhkəməyə müraciət etdik, məhkəmə xeyrimizə qərar verdi, amm Bakı Baş Gömrük İdarəsi məhkəmə qərarını saymadı…
Seyid cəddinə güvəndiyi kimi mən də Siz Səfər Mehdiyevə arxalandım, lakin Sizə də bu problem olduğu kimi məruzə olunmadı ki, müdaxilə edəsiniz. Buna görə də məcbur olub Bakı İnzibati Məhkəməsinə müraciət etdim. Sağ olsun Bakı İnzibati Məhkəməsi, qərar verdi ki, mallar saxlanc xüsusi gömrük prosedura altına yerləşdirilsin (yəni, gündəlik 150 ABŞ dolları ödəmək bəlasından yaxa qurtarım). Əslində bu ərizəni Bakı Baş Gömrük İdarəsi özü təmin etməliyli, amma təəssüf olsun ki, məhkəmələrə süründürüldüm. Buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinə məhkəmə qərarını nəzər almır, özbaşınalıq davam edir. Bakı Baş Gömrük İdarəsi nəzərə almır ki, cənab Prezidentimiz möhtərəm İlham Əliyev daim sahibkarlığın inkişafına çalışır. Bu qanunsuzluqlara görə mənə dəymiş və dəyəcək maddi zərərləri məhkəmədə tələb etmək hüququm var.
Ötən həftə Gömrük Risklərinin İdarəolunması Və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev məni yanına dəvət edərək kompramisə gəlməyi, malları 5000 manat yuxarı qiymətə bəyan etməklə məsələnin həllini təklif etdi. Mən də ona gömrük orqanlarına güvənmədiyimi, daha əvvəllər Zaur Bağırovun məni aldatdığını bildirib istənilən təklifə yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi bildiriş formasına baxa biləcəyimi, şifahi təklifləri rədd edəcəyimi söylədim. Fərid Əliyev rəsmi bildiriş təqdim olunmasına razı olmadı və cavabında mənə bildirdi ki, “vaxtın uzanması mallarımın saxlama müddətinin azalması və sənin mənfəətinin itirilməsi ilə nəticələnir, buna görə deyilən təkliflə razılaş”. Fərid Əliyev malların bu qədər uzun müddət gömrükdə qaldığını nəzərə aldığını və buna görə mənə yazığı gəldiyini, buna görə köməklik etmək istədiyini söylədi.
Cənab sədr! Məgər gömrük orqanlarında malların buraxılması, gömrük dəyərinin müəyyən olunması kimi ciddi proseslər qanun əsasında deyil, mərhəmət və rəislərin emosional vəziyyətindən asılı şəkildə icra olunur???
Mən isə sahibkarlığın belə radikal və qanunsuz şəkildə əzilməsi ilə razışmaq istəmirəm, öz haqqımı tələb edirəm. Lakin nə siz Səfər müəllim, nə də Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri MALLARIMIN 2 AYDIR GÖMRÜKDƏ QALMASINA ƏHƏMİYYƏT VERMİRSİNİZ. Sizin tabeçiliyinizdə olan Kamran Əliyev, Zaur Bağırov, Fərid Əliyev və digərləri mənimlə oyun oynayır, məhkəmə qərarını bələ saya almırlar, icra etmirlər (məhkəmə qərarının surəti əlavə olunur).
Qeyd olunanları nəzərə alaraq və Sizdən
X A H İ Ş E D İ R Ə M :
“ALI-FARM” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasına idxal edilən, dəyəri 6.451,20 ABŞ dolları olan “50 ML AMİNOX DROPS”, 6.048,00 ABŞ dolları olan “BLACK BULL N:10 CAPSULE”, 7.208,00 ABŞ dolları olan “MELO RELAX N:30 CAPSULE”, 7.751,80 ABŞ dolları olan “DEKAMİN 10 ML DROPS” adlı məhsullardan ibarət malların təcili şəkildə invoys dəyərinə uyğun rəsmiləşdirilməsi və sərbəst dövriyyəyə buraxılması və ya gömrük dəyərinə edilməli olan düzəlişin barədə əsaslandırılmış rəsmi bildirişin təqdim olunması üçün köməklik göstərəsiniz.
Məsələ ilə bağlı əməkdaşımızın Gömrük Komitəsinin mətbuat xidmətinə zəngləri cavabsız qalıb.
Müəllif Günay Təhməzova
Mənbə Gununsesi.info